...

"Azerfon-Vodafone" Azərbaycanda ilk "3G" mobil müşahidə kameralarını təqdim edir

Telekommunikasiya Materials 23 Sentyabr 2010 12:46 (UTC +04:00)
2010-cu il sentyabrın 20-də "Azerfon-Vodafone" "3G" texnologiyasına əsaslanan daha bir məhsulunu - müşahidə kameralarını satışa çıxarıb.
"Azerfon-Vodafone" Azərbaycanda ilk "3G" mobil müşahidə kameralarını təqdim edir

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

2010-cu il sentyabrın 20-də "Azerfon-Vodafone" "3G" texnologiyasına əsaslanan daha bir məhsulunu - müşahidə kameralarını satışa çıxarıb.

İndi "Azerfon-Vodafone" abunəçiləri "3G" mobil kameralarından istifadə edərək, adi videozəng vasitəsilə kameranın quraşdırıldığı ərazini istənilən an rahat şəkildə müşahidə edə bilərlər.

Qeyd etmək lazımdır ki, "Azerfon-Vodafone"nun Azərbaycan bazarında ilk olaraq təqdim etdiyi bu texnologiyadan istifadə qaydası sadə və rahatdır. Mobil müşahidə xidmətindən yararlanmaq üçün "3G" kameranın daxilinə quraşdırılmış SİM nömrəsinə videozəng etmək kifayətdir.

"Azerfon" şirkəti idarə heyətinin rəhbəri cənab Cüneyt Türktan Azərbaycanda "3G" texnologiyasına əsaslanan xidmətlərin və məhsulların tətbiqinin əhəmiyyətini vurğulayaraq söyləmişdir: "Biz inanırıq ki, "Azerfon-Vodafone"nun təqdim etdiyi "3G" mobil müşahidə kamerası müxtəlif qurumlar, eləcə də fərdi istifadə üçün çox faydalı məhsuldur. Bu xidmətin ölkədə tətbiqi Azərbaycanın ən yeni texnologiyaları tətbiq edən ölkələr sırasına daxil olmasını bir daha sübut edir."

"3G" mobil müşahidə kamerası biznesin idarə olunması prosesində istifadə ilə yanaşı, fərdi təhlükəsizliyi təmin edə biləcək bir xidmətdir. Belə ki, bu məhsul iş adamlarına öz ofislərini, bağ sahiblərinə bağ sahələrini, sıravi istehlakçılara öz evlərini və digər məişət obyektlərinin canlı görüntüsünü izləmək kimi müxtəlif imkanlar verir. "3G" kameraya videozəng daxil olduğu zaman, məsafədən asılı olmayaraq mobil telefonun düymələrindən istifadə edərək, kameranın müşahidə istiqamətini dəyişmək, o cümlədən, səs ötürülməsini də həyata keçirmək mümkündür.

"3G" müşahidə kamerası akkumulyator vasitəsilə 200 saatadək işləyə bilir və videorejimdə 12 saatadək görüntünü öz yaddaşına yaza bilər. "3G" mobil müşahidə kamerası paketinin qiyməti 247 manat təşkil edir.

"3G" müşahidə kamerasını əldə etmək üçün "Azerfon-Vodafone" mərkəzlərinə müraciət etmək kifayətdir. Kameranın texniki göstəriciləri və digər əlavə məlumatı www.azerfon-vodafone.az saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti