Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir H.Vəliyev/
Bakı şəhərinin üçölçülü (3D) modelini internet şəbəkəsində əldə etmək mümkün olacaq. Bu barədə bazar ertəsi Trend-ə "IDRAK Technology Transfer" şirkətindən məlumat veriblər.
Məlumata əsasən, bu istiqamədə işlərin yaxın üç ayda başa çatdırılması planlaşdırılır.
"Layihə öz xüsusiyyətinə görə mürəkkəbdir və paytaxt ərazisinin tam əhatəsi üçün olduqca uzun müddət tələb olunur", - şirkətdən bildiriblər.
Hazırda 3D modellər artıq bir sıra obyekt və ərazilərdə yaradılıb. Şirkət tərəfindən Heydər Əliyev adına sarayın, Bülbülün Ev muzeyi, Bakıda Dənizkənarı Milli Parkın müəyyən hissələri və Gəncədə Şah Abbas məscidi ətraf ərazilərinin üçölçülü modeli hazırlanıb.