...

Azərbaycanın İT şirkəti Qırğızıstanda vergi inzibatçılığının avtomatlaşdırılması layihəsini təqdim edib (FOTO)

Telekommunikasiya Materials 4 Fevral 2013 15:19 (UTC +04:00)
Qırğızıstanın paytaxtı Bişkəkdə "Sinam" şirkətinin vergi inzibatçılığının təkmilləşdirilməsi layihəsi timsalında elektron hökumətin yaradılması təcrübəsi və "Oracle" şirkətinin informasiya texnologiyaları sahəsində texnoloji yenilikləri" adlı konfrans keçirilib.
Azərbaycanın İT şirkəti Qırğızıstanda vergi inzibatçılığının avtomatlaşdırılması layihəsini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir H.Vəliyev/

Qırğızıstanın paytaxtı Bişkəkdə "Sinam" şirkətinin vergi inzibatçılığının təkmilləşdirilməsi layihəsi timsalında elektron hökumətin yaradılması təcrübəsi və "Oracle" şirkətinin informasiya texnologiyaları sahəsində texnoloji yenilikləri" adlı konfrans keçirilib. Bu barədə bazar ertəsi Trend-ə "Sinam" şirkətindən məlumat verilib.

Qırğızıstan Hökuməti Aparatının İnformasiya siyasəti şöbəsindən verilən məlumata əsasən, konfransa Prezident Aparatının, parlamentin, hökumətin, donor birliyinin, banklar və digər qurum və şirkətlərin nümayəndələri dəvət olunub.

Sözügedən tədbirin məqsədi regional və dünya səviyyəsində elektron hökumətin yaradılması sahəsində mövcud olan cari təcrübənin, davamlı inkişaf perspektivlərinin, bu istiqamətdə ikitərəfli əməkdaşlığın araşdırlması yollarının öyrənilməsindən ibarət idi.

Hazırda Qırğızıstanın bütün dövlət qurumları ölkədə elektron hökumət prinsiplərinin və iş üsullarının tətbiqi sahəsində fəal iş aparırlar. Elektron hökumətin yaradılması 2013-2017-ci illərdə Qırğızıstanın Davamlı İnkişafı üzrə Milli Strategiyanın prioritetlərindən biridir.

Konfrans zamanı Azərbaycanın "Sinam" şirkəti inteqrasiya olunmuş vergi inzibatçılığı sistemi (İTAS) timsalında elektron hökumət üçün informasiya sistemlərinin işlənib hazırlanması sahəsində əldə etdiyi təcrübəsi ilə bölüşüb. Sözügedən layihə Qırğızıstan hökuməti ilə birgə Asiya İnkişaf Bankı tərəfindən həyata keçirilir. Layihənin məqsədi Qırğızıstan Dövlət Vergi Xidmətinin əsas biznes-proseslərini əhatə edən müasir vergi inzibatçılığı sisteminin tətbiqindən ibarətdir.

Layihənin icrası zamanı ən müasir İT-texnologiyalardan istifadə edilib. Belə ki, Qırğızıstanda ilk dəfə olaraq analitik hesabatlılıq sisteminin yaradılması üçün "Oracle Business Intelligence" sistemi istifadə olunub. Qeyd edək ki, analitik sistemlərin və hesabatlılığın yaradılması üçün nəzərdə tutulan bu məhsul biznes-təhlil üçün müasir platformanı təmin edir ki, bu da bütün təşkilat miqyasında daha yaxşı qərarların qəbul edilməsi məqsədilə tam və mühüm məlumatları vaxtında almağa imkan verir.

Birgə təqdimat zamanı "Sinam" və "Oracle" şirkətləri İTAS layihəsi timsalında sözügedən proqram məhsulu və onun tətbiqi imkanları haqqında ətraflı məlumat veriblər.

"Oracle" fəaliyyətində DB texnologiyalarına və perspektivlərinə baxış" adlı təqdimatda şirkət yarandığı andan təqdim etdiyi özünün ən məşhur məhsulu - "Oracle Database" haqqında məlumat verdi. Hazırda verilənlər bazasının idarə edilməsi üçün nəzərdə tutulan bu sistem istənilən mühüm informasiya sisteminin mütləq hissəsinə çevrilib.

Şirkət nümayəndələri, həmçinin verilənlər bazasının hər növ proqramları üçün nəzərdə tutulan inteqarsiya olunmuş "Oracle Exadata DB machine" platforması haqqında danışıblar. "Oracle Exadata DB machine" verilənlər bazasının idarəetmə serverlərindən, məlumat saxlama sistemlərindən, periferiya və şəbəkə avadanlığından, həmçinin proqram təminatından ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti