...

Apple qurğuları üçün Azərbaycanın elektron xəritəsinin əks olunduğu proqram yaradılıb

Telekommunikasiya Materials 12 İyun 2013 13:31 (UTC +04:00)
iPhone və iPad istifadəçiləri üçün GoMap.az elektron xəritəsinin proqramı işlənib hazırlanan və artıq App Store-da yüklənmə üçün yerləşdirilib.
Apple qurğuları üçün Azərbaycanın elektron xəritəsinin əks olunduğu proqram yaradılıb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir H.Vəliyev/

iPhone və iPad istifadəçiləri üçün GoMap.az elektron xəritəsinin proqramı işlənib hazırlanaraq artıq App Store-da yüklənmə üçün yerləşdirilib. Proqram azərbaycanlı istifadəçilər tərəfindən yüklənmələrin sayına görə Azərbaycanda ilk beşliyə daxildir, naviqasiya proqramları arasında isə ilk yeri tutur.

Bu barədə SİNAM şirkətindən Trend-ə daxil olan məlumatda bildirilir.

App Store-da sözügedən proqramı dünyanın 72 ölkəsinin istifadəçiləri yükləmişdir. Xatırladaq ki, GoMap.az elektron xəritəsi Azərbaycan Mədəniyyət və Turizm Nazriliyinin təşəbbüsü ilə yaradılıb.

Proqram istifadəçinin yerini müəyyənləşdirməyə, istənilən nöqtəyə marşrut çəkməyə, istifadəçinin yaxınlığında yerləşən və ümumiyyətlə bütün Azərbaycan və Gürcüstan ərazisi üzrə obyektlərin kateqoriyalar üzrə axtarışını təmin etməyə, GoMap.az xəritəsinə yeni obyekti əlavə etməyə və s. bu kimi addımları atmağa imkan verir.

GoMap.az mobil istifadəçilərə xidmətlərin göstərilməsi üzrə məqsədyönlü strategiyanı həyata keçirir. Misal üçün, Apple, Samsung, Sony, Blackberry və HTC kimi aparıcı smartfon istehsalçıları üçün saytın mobil versiyası "BakuTel-2012" 18-ci Azərbaycan Beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları" sərgisində təqdim olunub.

Qeyd etmək lazımdır ki, hazırda GoMap.az Azərbaycan və Gürcüstanın ərazilərini əhatə edir və dünyada mövcud olan analoqlar arasında ən ətraflı xəritədir. Hazırda GoMap.az xəritəsi 8000-dən çox yaşayış məntəqəsini (onlardan ünvanlı məlumatlarla 80 şəhər və qəsəbə), 5000-dən çox mədəni-tarixi abidəni, 970 000-dən çox bina və tikililəri, 94 000 obyekti, 60 477 km yolu (yol hərəkət qaydaları və yol nişanları daxil olmaqla) və s. əhatə edir.

GoMap.az xəritəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında "bulud" texnologiyaları bazasında yaradılmış ilk resurslardan biridir. Hazırda GoMap.az servisləri "bulud" texnologiyaları bazasında təqdim edilir ki, bu da resursların səmərəliliyini dəfələrlə artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti