...

"AzQtel" şirkətinin prezidenti "ITU Telecom World 2013" konfransında "Sazz 4G İnternet"i təmsil edir (FOTO)

Telekommunikasiya Materials 19 Noyabr 2013 17:23 (UTC +04:00)
Noyabrın 19-da Taylandın paytaxtı Banqkokda “ITU Telecom World 2013” sərgi-konfransı öz işinə başlayıb.
"AzQtel" şirkətinin prezidenti "ITU Telecom World 2013" konfransında "Sazz 4G İnternet"i təmsil edir (FOTO)

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Noyabrın 19-da Taylandın paytaxtı Banqkokda "ITU Telecom World 2013" sərgi-konfransı öz işinə başlayıb. Beynəlxalq Telekommunikasiya İttifaqının himayəsi altında təşkil olunmuş və dünyanın 190-dan çox ölkəsində İKT sahəsində ixtisaslaşan 700-dən artıq qurumun qatıldığı forumda dövlət və hökumət başçıları, mobil operatorlar, internet provayderləri, ekspert və alimlər iştirak edirlər.

Azərbaycan bu forumda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi altındageniş təkibli nümayəndə heyəti ilə təmsil olunur. Sərgidə ölkəmizdə fəaliyyət göstərən 25 İKT şirkəti iştirak edir.

Tədbir çərçivəsində Ə.Abbasovun müxtəlif ölkələrin rabitə tənzimləyici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirməsi, habelə konfransda çıxışı gözlənilir.

Sərgi-konfransın keçirildiyi günlərdə "Azərbaycan gecəsi" də nəzərdə tutulub. Gecəyə konfransda iştirak edən xarici ölkələrin başçıları, hökumət adamları və digər yüksəksəviyyəli qonaqlar dəvət alıblar. Ölkəmizin milli pavilyonunda "Sazz 4G İnternet" və "Sinam" şirkətləri də yer alır. Brendləri "AzQtel" şirkətinin prezidenti Ceyhun Mollazadə və "Sinam" şirkətinin prezidenti Elçin Əliyev təmsil edir. C.Mollazadə konfrans çərşivəsində keçirilən müxtəlif sessiya və forumlarda iştirak edəcək.

Noyabrın 23-nə qədər davam edəcək konfransda "Mobil texnologiyalar və müəssisədə əməyin səmərəliliyi", "Rəqəmsal dünyada şəxsi həyatın təhlükəsizliyinin təmin edilməsi", "XXI əsrdə təhsil sahəsində İKT-nin əhəmiyyəti", "IPv6 əsasında qurulmuş internet" və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, noyabrın 20-də Banqkokda daha bir forum, 8-ci GTI (Global TD-LTE Initiative) seminarı öz işinə başlayacaq. Seminara xüsusi dəvət alan C.Mollazadə burada geniş məruzə ilə çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti