...

Ekspert: Azərbaycanın "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdırması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir

Nəzər nöqtəsi Materials 7 Dekabr 2018 11:35 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycanın "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdırması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, "Qlobal Terrorçuluq İndeksi"ndə Azərbaycanın layiqli yer tutması və mövqeyini daha da yaxşılaşdırması güclü əsaslara söykənən real seçimdir: "Dünyanın 138 dövlətini əhatə edən bu indeks ölkələrin daxilindəki terror riskinin səviyyəsinə görə müəyyənləşir. Ötən dəfə 95-ci, bu dəfə isə 98-ci yeri tutmaq o deməkdir ki, Azərbaycan terror riskinin aşağı səviyyəsinə görə 97 ölkəni qabaqlayır. Müqayisə üçün deyək ki, bu cəhətdən Ermənistan 82, Gürcüstan isə 88 ölkədən qabaqdadır. Göründüyü kimi, fərq böyükdür. Məsələyə ölkələrin reytinqini ölçmək üçün istifadə olunan meyarların məzmunundan çıxış edərək yanaşanda isə fərqin daha böyük olduğunu görmək mümkündür".

Ekspert bildirib ki, "Qlobal Terrorçuluq İndeksi"ndə ölkələrin yeri iki meyara əsasən müəyyən edilir: sosial-iqtisadi vəziyyətin təhlili və radikal cərəyanların yaranmasının geosiyasi əsasları:

"Həqiqətən meyarlar elə dəqiq seçilib ki, istənilən ölkədə terror riskinin tam ehtimalı səviyyəsini təqdim edə bilər. Bu iki meyar Azərbaycanın niyə məqbul yer tutmasının səbəblərini dəqiq ifadə edir. Beləliklə, beynəlxalq reytinq tərtibatçıları Azərbaycanı 98-ci yerə seçəndə birinci növbədə ölkəmizdəki sosial-iqtisadi vəziyyətə əsaslanıblar. Azərbaycanda maksimum savadlılıq, yüksək məşğulluq, işsizliyin minimum səviyyəsi, makroiqtisadi sabitlik, multikultural və tolerant mühit, təminatlı biznes şəraiti, dövlətçilik ətrafında ictimai həmrəylik, sosial ədalətə dəyər verilməsi və başqaları ölkəmizdə terror riskini ən minimum səviyyəyə endirən güclü faktorlardır. Bu məqamda Prezident İlham Əliyevin müxtəlif vaxtlarda ifadə etdiyi bir məlum tezisin real təcəssümünü görürük. Dövlət başçısı terror və terror təhlükəsi ilə səmərəli mübarizənın tək güc və xüsusi xidmətlər müstəvisində yox, həm də ideoloji müstəvidə aparılmasının vacib olduğunu dəfələrlə ifadə edib. Bakı məktəblərinin birində bu fikri təsadüfən bildirmədi ki, savadsızlıq və cahillik hökm sürən yerdə radikallıq və ekstremizm daha asan yayıla bilir. Prezidentin çox dəqiq ideoloji formul əsasında illər boyu apardığı siyasətin nəticəsi daxildə terror risklərinin təxminən sıfır səviyyəyə endirilməsindən ibarətdir".

O vurğulayıb ki, qlobal indeksdə Azərbaycanın yerini şərtləndirən digər həlledici faktor radikal cərəyanların yaranması üçün əlverişli geosiyasi amillərin yoxluğu və ya hədsiz zəifliyi ilə bağlıdır: "Azərbaycanda radikal cərəyanların yaranması üçün əsas ola biləcək geosiyasi amillər niyə yox dərəcəsindədir? Bizimlə eyni regionda yerləşən Ermənistanda, Gürcüstanda, İranda terror riskləri yaradan geosiyasi amillər nə üçün nisbətən yüksəkdir? Buraya başqa bəzi region ölkələrini də əlavə etmək olar. Məsələ burasındadır ki, terror risklərinin mənbəyi olan geosiyasi amillər heç də əzəldən mövcud olmur və əsasən milli hakimiyyətlərin apardıqları xarici siyasət kursundan asılı olaraq formalaşır. Yəni mümkündür ki, bir-birinə qonşu ölkələrdə geosiyasi amillərə bağlı terror riskinin səviyyələri fərqli olsun. Bu gün bunu Azərbaycanın və digər region ölkələrinin müqayisəsində tam aydın görə bilirik".

A.Quliyev deyib ki, Azərbaycanın apardığı xarici siyasət kursu mahiyyətinə görə radikal cərəyanlar üçün münbit baza yaratmır: "Düşmənimiz olan məlum ölkədən başqa bütün dövlətlərlə mənafelərimiz balanslaşıb, qarşılıqlı etimad mühiti yaradılıb. Dünyanın bütün güc mərkəzləri ilə - ABŞ, Rusiya, Avropa və digərləri ilə real əməkdaşlıq edilir. Münasibətlər elə qurulub ki, bütün dövlətlər Azərbaycana yalnız hansısa qarşılıqlı faydalı layihənin konstruktiv tərəfdaşı kimi baxır, heç bir dövlət Azərbaycanda radikal və ya ekstremist cərəyanlar qurmaqda maraqlı deyil. Halbuki 90-cı illərin əvvəllərində bir çox ölkələr Azərbaycanda radikal cərəyanların yaranmasında maraqlı idi. Lakin tədricən o zamandan başlayaraq indiyə qədər aparılan düşünülmüş xarici siyasət kursu Azərbaycanı radikallaşdırmaq istəyən beynəlxalq dairələrin siyahısını minimuma endirdi. Əlbəttə, burada sərhədlərin etibarlı mühafizəsini və asayiş orqanlarının sayıqlığını da ölkədə terror riskini azaldan faktorlar sırasında görmək vacibdir. Fakt və təhlillər göstərir ki, "Qlobal Terrorçuluq İndeksi"ndə Azərbaycanın məqbul yüksək yeri Prezident İlham Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət prinsiplərinin məntiqi nəticəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti