Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) olaraq əsas məqsədimiz, iqtisadi, siyasi, hərbi, mədəni, hüquqi və digər sahələrdə əlaqələrimizi daha da möhkəmləndirməkdir.
Bunu Trend-ə özəl müsahibəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop bildirib.
Türkiyə parlamentinin sədri qeyd edib ki, əsas hədəflərdən biri Türk dünyası olaraq, dost olduğumuz, tarixən bir yaşadığımız və birlikdə addımladığımız millətlərlə əlaqələri daim aktiv saxlamaq, bu əlaqələri gücləndirib daha yüksək səviyyəyə çatdırmaq, eləcə də sülh və sabitliyə töhfə verməkdir.
M.Şentop vurğulayıb ki, Türkiyə Cümhuriyyəti və qardaşlaşmış digər türkdilli ölkələr yeni yaranmış və ya müəyyən zaman içində formalaşan dövlətlər deyillər:
"Türk dünyası mühüm əhəmiyyət kəsb edən və çəkisi olan böyük bir çoğrafi məkandır. Belə ki, türk dünyası deyərkən, biz sivilizasiya, elm, mədəniyyət, tarixə mühüm töhfələr vermiş böyük bir millətdən danışırıq".