Ukrayna, Kiyev, 15 oktyabr/ Trend müxbir Z.Novosvitski/ Kiyev vaxtı ilə saat 12.30 - a Ukraynanın paytaxtında Azərbaycan prezidenti seçkiləri günündə seçicilərin 25 faizindən (180 nəfər) çoxu səs verib, - Trend -a bu ölkədəki Azərbaycan səfirliyi yanında seçki məntəqəsinin sədri Yeganə Qafqazlı bildirib.
"Səsverməyə həm tələbələr, həm orta yaşlı insanlar, həm də yaşlılar gəlirlər", - Qafqazlı deyib.
Bu gün səhər Kiyev vaxtı ilə saat 8 .00 - dan saat 19.00 - dək Azərbaycanın Ukraynadakı səfirliyində seçki məntəqəsi işləyir. Ukraynada müvəqqəti yaşayan 700 - dən çox Azərbaycan vətəndaşı Azərbaycanın bu ölkədəki səfirliyinin konsulluq şöbəsi tərəfindən qeydə alınıb.
Bu gün Azərbaycanda prezident seçkisi keçirilir.
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.