...

Mumbayidəki girovlar arasında çoxlu israilli var - Hindistanın İBN telekanalı

Dünya xəbərləri Materials 27 Noyabr 2008 18:00 (UTC +04:00)

Mumbayidə terrorçular Avropa Mərkəzinin yerləşdiyi binanı ələ keçirərək, ravvini və onun ailəsini girov götürüblər, - Ynet agentliyi məlumat yayıb.

Cümə axşamı Hindistan yəhudi cəmiyyətinin rəhbəri Conatan Solomonun bildirdiyinə görə, Mumbayidə ravvin Qabriel Xoltsberq, onun həyat yoldaşı Rivka və iki övladını girov götürüblər, - İsrail radiosu xəbər verir.

İsrailin Xarici İşlər Nazirliyi bildirib ki, hələlik Mumbayidəki iyirmi israilli ilə də əlaqə saxlamaq mümkün olmayıb. Yerli polisin məlumatına görə, ravvin və ailəsi İsrail vətəndaşlarıdır.

Hindistanın İBN telekanalı məlumat verib ki, "Traydent Oberoy" otelində 10 - 12 terrorçu "yüzlərlə insanı" girov saxlayır. Bu telekanalın müxbiri birbaşa efirdən onu da bəyan edib ki, girovlar arasında "çoxlu israilli" də var.

Dəbdəbəli mehmanxanaları girov saxlayan terrorçuların daha iki qrupunun olduğu məlumdur. "Tac-Mahal" otelində onlar, aralarında yeddi əcnəbinin də olduğu, 15 nəfəri girov götürüblər. "Oberoy"(keçmiş "Traydent") mehmanxanasında da 5 - dən çox əcnəbi girov saxlanır. Polis bir neçə saat əvvəl onların azad edilməsilə bağlı əməliyyata başlasa da, hələlik nəticələr barədə məlumat verilmir.

İsrail XİN və xüsusi xidmət orqanları israilli girovlar barədə məlumatı yoxlayırlar. İsrailin Konsulluq xidməti Mumbayidə evi olan iki vətəndaşı ilə hələlik əlaqə saxlaya bilməyib. İlkin məlumatlara görə, onların evi terrorçuların hücumuna məruz qalıb.

Gecə, eyni vaxtda bir neçə yerdə törədilən terror aktları zamanı 100 nəfər öldürülüb, onların arasında dörd polis və altı əcnəbi vətəndaş da var. 287 nəfər yaralanıb. Terror aktları iri mehmanxanaların yaxınlığında və mərkəzi dəmiryolu vağzalında həyata keçirilib. Aralarında xeyli əcnəbinin də olduğu 40 nəfər girov götürülüb və onlar mehmanxanalarda saxlanılırlar.

Şəhərin müxtəlif rayonlarında atışma olub, polis vətəndaşları küçələrə çıxmamağa çağırıb. Yerli KİV xəbər verir ki, polisin antiterror bölməsinin rəhbəri öldürülüb. Şahidlər danışıblar ki, terrorçular daha çox britaniyalı və amerikalı vətəndaşları axtarırmışlar. Qərb ölkələri terror aktlarını və girov götürmələri kəskin pisləyiblər.

Xəbər lenti

Xəbər lenti