Azərbaycan, Bakı, 17 yanvar /Trend/
Suriya hökuməti müxalifətlə əsirləri mübadilə etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i cümə günü Suriyanın xarici işlər naziri Valid Muallemin bəyanatına istinadən xəbər verir.
Suriyalı nazir Rusiya XİN-in rəhbəri Sergey Lavrovla danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında bildirib: "Mən nazir Lavrovu Suriya həbsxanalarındakı dustaqların digər tərəfin ələ keçirdiyi məhbuslarla mübadilə edilməsi ilə bağlı prinsipial mövqeyimiz barədə məlumatlandırdım. Вununla əlaqədar biz siyahıları mübadilə etməyə və bu məqsədlərin həyata keçirilməsinin zəruri mexanizmlərini işləməyə hazırıq".
Nazir, həmçinin mülki obyektlərin bombalanması ilə bağlı Suriya hökumətinin ünvanına səsləndirilən ittihamları rədd edib. Onun sözlərinə görə, suriyalı hərbçilərin mülki obyektləri bombalamaları barədə ittihamlar həqiqətəuyğun deyil və bu, xaricdən dəstəklənən terrorçuların işidir: "Qeyd etmək istərdim ki, Suriya hökumətini öz müəssisələrini və məktəblərini bombalamaqda ittiham edənlərin kim olduqları məlumdur".
Muallem deyib ki, Suriya hökuməti öhdəliklərinə və öz konstitusiyasına uyğun olaraq öz xalqını və Suriya ərazisindəki dövlət müəssisələrini qoruyur: "Suriyada [obyektləri] dağıdanlar terrorçular, terrorçu qruplaşmalardır. Təəssüf ki, məlum dövlətlərin kənardan dəstəyi ilə əlaqədar onların sayının artdığı müşahidə olunur".