Azərbaycan, Bakı, 25 fevral /Trend/
Ukraynada mayın 25-də keçiriləcək növbədənkənar prezident seçkiləri kampaniyası start götürüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "İnterfaks" xəbər yayıb.
Seçkilərə hazırlıq və onların keçirilməsi üzrə əsas tədbirlərin təqvim planına əsasən, çərşənbə axşamından prezidentliyə namizədlərin irəli sürülməsinə başlanır və bu, martın 30-dək davam edəcək. Namizədlər partiyalar tərəfindən və ya müstəqil irəli sürülə bilərlər. Namizədin qeydiyyatı üçün 2,5 milyon qrivna (bir ABŞ dolları 8.95 qrivnaya bərabərdir) məbləğində pul ödəmək lazımdır.
Prezidentliyə namizədlərin qeydiyyatı üçün MSK-ya sənədlərin verilməsinin son müddəti 4 aprelə qədərdir.
Martın 15-dək MSK prezidentliyə namizədlərin təqdimatına əsasən 225 dairə seçki komissiyası yaratmalıdır. Hər komissiyanın tərkibinə ən azı 12 üzv daxil edilməlidir.
Prezident postuna ən ehtimal edilən namizədlər Udar Partiyasının lideri Vitali Kliçko, Maydanın fəallarındən biri, məşhur iş adamı və "Beşinci kanal"ın sahibi Pyotr Poroşenko, "Batkivşina" parlament fraksiyasının lideri Arseni Yasenyuk, "Azadlıq" Ümumukrayna Birliyinin lideri Oleq Tyaqnibokdur.
Həmçinin mümkün namizədlərin arasında Batkivşina Partiyasının lideri, yaxın günlərdə həbsdən azad edilmiş sabiq Baş nazir Yuliya Timoşenko da var. Amma onun vəkili Serqey Vlasenko bildirib ki, o hələ seçkilərdə iştirak edib-etməyəcəyini müəyyənləşdirməyib.
Xatırladaq ki, bazar ertəsi Ali Rada qanunvericilikdə dəyişiklik edərək seçkilərin keçirilməsinə 1,965 milyard qrivna ayırıb.