Bakı. Trend:
Bazar ertəsi səhər bütün Pakistan ərazisində elektrik enerjisinin təchizatında böyük fasilə yaranıb.
Trend-in məlumatına görə, bu barədə yerli telekanal olan Geo-TV məlumat verib.
"Səhər saat 07:30-da milli enerji sistemində elektrik gərginliyinin düşməsi qeydə alınıb ki, bu da böyük miqyasda fasiləyə səbəb olub", - ölkənin Energetika Nazirliyinin Tvitter hesabında bildirilir.
Telekanalın məlumatına əsasən, elektrik enerjisinin təchizatında fasilələr Pakistanın bütün əyalətlərini, həmçinin paytaxt İslamabadı əhatə edib. Ölkənin 10 milyon nəfər əhalinin yaşadığı ən iri şəhəri olan Karaçidə istehlakçıların 90 %-ə qədəri hələ də işıqsız qalır.
Federal Energetika naziri Xürrəm Dastgir Xan qəzanın generatorları işə salarkən baş verdiyini bildirib. Belə ki, yanacağa qənaət etmək məqsədilə generatorlar gecə söndürülür. O, 12 saat ərzində bütün ölkə ərazisində elektrik təchizatını bərpa edəcəyinə söz verib.
Qeyd edək ki, bu son aylar ərzində Pakistanın enerji sistemindəki ikinci irimiqyaslı fasilədir. 2022-ci ilin oktyabrında elektrik təchizatında fasilə Karaçi şəhərini, Sind, Bəlucistan və Pəncab əyalətlərini əhatə etmişdi. Dastgir o zaman fövqəladə halın səbəbi olaraq iki elektrik ötürmə xəttində eyni anda qəza baş verməsini göstərmişdi.