Bakı.Trend:
ABŞ-nin "Wall Street Journal” (WSJ) nəşrinin jurnalisti, Rusiyada casusluqda ittiham edilmiş Evan Qerşkoviç mübadilə çərçivəsində gün ərzində azad edilə bilər.
Trend xəbər verir ki, bu barədə Fox News telekanalının efirində aparıcı Treys Qallaxer bildirib.
Telekanalın milli təhlükəsizlik üzrə müxbiri Cefri Qriffinə istinad edən aparıcı qeyd edib ki, mübadilə tezliklə baş verə bilər.
Qeyd edək ki, Evan Qerşkoviç 2023-cü ilin martında Nijni Taqilə səfər etdikdən sonra Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən Yekaterinburqda həbs edilib. Xüsusi xidmət orqanları onu “Amerika tərəfinin tapşırığına uyğun hərəkət edərək” Rusiya hərbi-sənaye kompleksinə daxil olan “Uralvaqonzavod” müdafiə müəssisəsinin fəaliyyəti haqqında məxfi məlumatları toplamaqda günahlandırıb.
Amerikalı jurnalist və "WSJ" bu ittihamı rədd edib. Nəşr bildirib ki, Qerşkoviçin casus fəaliyyətinə heç bir aidiyyəti yoxdur.
16 il müddətinə həbs cəzasına məhkum edilmiş Qerşkoviç Moskvaya aparılaraq "Lefortovo" istintaq təcridxanasına yerləşdirilib.