Astana. Trend:
Qazaxıstanda atom elektrik stansiyalarının tikintisi üzrə respublika referendumunun keçirildiyi məntəqələr öz işini başa çatdırıb.
Trend xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 7:00-dan 20:00-a qədər səsvermə üçün açıq olub. Nəticələr 7 gün ərzində elan olunacaq.
Yerli vaxtla saat 18:00-a olan məlumata görə, referendumda seçici fəallığı 61,56% təşkil edib.
Xatırladaq ki, oktyabrın 6-da Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendumun keçirilməsi üçün səsvermə başlayıb.
2024-cü il sentyabrın 2-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev referendumun tarixini təyin etdi.
2023-cü ildə Qazaxıstanın Energetika Nazirliyi ölkədə atom elektrik stansiyalarının tikintisinə əsas namizədlər arasında dörd şirkətin olduğunu bildirib. Bunlar Çinin "CNNC" korporasiyası, Cənubi Koreyanın "KHNP" şirkəti, Fransanın "EDF"və Rusiyanın "Rosatom" şirkətləridir. Layihədə beynəlxalq təşkilatlar, xüsusən də əlavə nəzarəti həyata keçirəcək Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) iştirak edəcək.