Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası bir il ərzində ölkədən bir milyona yaxın qeyri-qanuni immiqrantı deportasiya etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə “Washington Post” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Qəzetin qeyd etdiyi kimi, bu rəqəm ABŞ Prezidenti Barak Obamanın administrasiyası dövründə müəyyən edilmiş əvvəlki 400 min deportasiya rekordunu xeyli üstələyir. Analitiklər bu rəqəmi qeyri-real hesab edirlər, çünki bu iş üçün hüquq-mühafizə orqanlarına kifayət qədər kadr və maliyyə ayrılmayıb. Bundan əlavə, miqrantların məhkəməyə müraciət etmək və onların deportasiyasına etiraz etmək hüququ var.
Nəşrin məlumatına görə, bu məqsədə çatmaq üçün departamentlər arasında koordinasiyaya cavabdeh olanlardan biri də Ağ Evin aparat rəhbərinin müavini Stiven Millerdir. Qeyd edilib ki, Trampın komandası bu məqsədə artıq məhkəmə qərarı verilmiş 1,4 milyon miqrantı deportasiya etməklə əldə etməyi planlaşdırır. ABŞ administrasiyası miqrantların vətənə qaytarılması üçün ən azı 30 ölkə ilə danışıqlar aparır.