Bakı. Trend:
Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” (Designing the Future Society for Our Lives) mövzusunda “Osaka, Kansai Ekspo 2025” dünya sərgisi işinə başlayıb.
Trend xəbər verir ki, tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonun da açılışı olub.
“Ekspo 2025”in ilk günündən Azərbaycan pavilyonunda izdiham yaşanıb, insanlar pavilyonumuza böyük maraq göstəriblər.
Qeyd edək ki, Azərbaycan pavilyonu “Ekspo 2025”in “Həyatları əlaqələndirmək” (Connecting Lives) bölməsində yerləşməklə “Dayanıqlı inkişafa doğru yeddi körpü” (Seven bridges for sustainability) mövzusunu əhatə edir.
Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından qaynaqlanıb. Burada
Azərbaycanın zəngin mədəni irsi, texnoloji inkişaf və
davamlıinkişafa bağlılığı, eyni zamanda dialoqa açıqlığınümayiş
olunur. Çünki dialoq və əlaqələr vasitəsilə aydın, harmoniya dolu
və dayanıqlı gələcəyə nail olmaq mümkündür.
Üç mərtəbədən ibarət pavilyonun fasadının dizaynı Azərbaycan
ənənələrini, incəsənətini və sənətkarlığını təcəssüm etdirən şəbəkə
motivlərindən yaradılıb. Ziyarətçilər pavilyondakı səyahətlərinə
nəhəng yeddi gözəlin hər birinin təcəssüm etdirdiyi müxtəlif
istiqamətlərlə - mədəni müxtəliflik, mədəni irs, ənənəvi incəsənət,
memarlıq inciləri, davamlı inkişaf, təbii sərvətlər, idman və
turizm sahələri ilə tanışlıqla başlayırlar.
Pavilyonda Azərbaycan və Yaponiyanı tərənnüm edən üç ağac da yer
alıb. Bunlar “Azərbaycan ağacı”, “Yapon ağacı”, Azərbaycan və yapon
ağaclarının sintezi olan “Dostluq ağacı”dır.
155 hektardan çox ərazini əhatə edən “Ekspo 2025”də ümumilikdə 165
ölkə və 7 beynəlxalq təşkilat təmsil olunur. Oktyabrın 13-dək
müddətdə “Ekspo2025”ə 28 milyon ziyarətçinin gəlişi gözlənilir.