Bakı. Trend:
İranın ABŞ ilə müzakirələrinin dolayısı (indirect) yolla keçirilməsinin əsas səbəbi ABŞ rəsmilərinin açıqlamalarında ziddiyyətin olmasıdır.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ABŞ tərəfi bu ziddiyyətin həll olunması üçün müvafiq addım atmalıdır. Eyni zamanda, həm müzakirə iddiasında olmaq, həm də təzyiq, sanksiya və təhdid siyasətini davam etdirmək olmaz. Bu strategiya İran tərəfindən əsla qəbul edilmir və İran da öz mövqeyini açıq-aşkar şəkildə bəyan edib.
Bəqai bildirib ki, bu formada (dolayısı) keçirilən dialoqda adətən tərəflər öz çərçivə və prinsipial mövqelərini bəyan edirlər. Əlbəttə İranın mövqeyi dəfələrlə şəffaf şəkildə bəyan edilib.
“İranın nüvə proqramı ötən 20 il ərzində heç də zəruri olmayan böhranın yaradılması üçün bəhanə olub və İranın nüvə proqramı dinc məqsədlidir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də öz hesabatlarında dəfələrlə bu məsələni təsdiqləyib. İranın dinc məqsədli nüvə proqramında heç bir yayınma müşahidə olunmayıb”, - deyə o qeyd edib.
İranlı nazir qeyd edib ki, İranın ABŞ ilə müzakirədə əsas məqsədi qanunsuz tətbiq olunan sanksiyaların ləğv edilməsidir.
Qeyd edək ki, ötən gün (12 aprel Oman paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.
Əlavə edək ki, ABŞ 2018-ci il noyabr ayında İranın nüvə proqramı ilə əlaqədar İrana qarşı yeni sanksiyalar tətbiq edib. Ötən müddət ərzində sanksiyalara İranın neft ixracı, 700-dən çox bank, şirkət və fiziki şəxs daxil olunub.
Xatırladaq ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla Atom Enerjisi üzrə Büynəlxalq Agentliyin nəzarət mexanizmi 20-30% azalıb.