Bakı. Trend:
Həvəskar pilot şəhadətnaməsinin verilməsinə dair tələblər müəyyənləşib.
Trend xəbər verir ki, bu məsələ Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nda öz əksini tapıb.
Qərarə əsasən, həvəskar pilot şəhadətnaməsinin verilməsi üçün tələblər təyyarə və helikopter kateqoriyasından olan hava gəmilərinə şamil olunur.
Bu Qaydaların tələbləri nəzərə alınmaqla həvəskar pilot şəhadətnaməsi sahibinin imtiyazları qeyri-kommersiya uçuşlarını yerinə yetirməkdən ibarətdir.
Həvəskar pilot şəhadətnaməsinin alınması üçün yaşı 17-dən çox olan şəxs müraciət etmək hüququna malikdir.
Ərizəçi təsdiq edilmiş təlim təşkilatında təlim kursunu bitirməlidir. Təlim kursu həvəskar pilot şəhadətnaməsinin imtiyazlarına uyğun nəzəri bilik və uçuş təlimatını əhatə etməlidir.
Ərizəçi bu Qaydalara uyğun olaraq Dövlət Mülki Aviasiya Agentliyində nəzəri bilik imtahanından keçməlidir.
Ərizəçi praktiki bacarıq testindən də keçməlidir. Bunlardan keçərək ərizəçi həvəskar pilot şəhadətnaməsinin imtiyazlarına uyğun olaraq müvafiq hava gəmisi kateqoriyasında hava gəmisinin kapitanı (komanda verən pilotu) qismində prosedurları və manevrləri yerinə yetirmək bacarığını nümayiş etdirməlidir.
Praktiki bacarıq testindən keçmək məqsədilə müraciət edən ərizəçilər testin aparılacağı hava gəmisinin sinfində və ya növündə əvvəlcədən uçuş təlimi almalıdırlar.
Praktiki bacarıq testi hava gəmisinin kateqoriyasına uyğun uçuşun bütün mərhələlərini əks etdirən müxtəlif bölmələrdən ibarətdir. Bölmənin hər hansı bir elementini keçə bilməyən ərizəçi həmin bölmədən keçməmiş hesab edilir və yalnız həmin bölməni təkrar keçməlidir. Testin birdən artıq bölməsindən uğursuz nəticə əldə edən ərizəçi praktiki bacarıq testindən tam şəkildə təkrar keçməlidir. Testin təkrarlanması zamanı ərizəçi təkrar olaraq hər hansı bölmədə uğursuz nəticə əldə edərsə, ərizəçi praktiki bacarıq testindən keçməmiş hesab olunacaq. Ərizəçi iki cəhdlə praktiki bacarıq testinin bütün bölmələrindən keçmədiyi təqdirdə o, əlavə təlimlərə cəlb olunmalıdır.
Ərizəçi uçuş təcrübəsinə malik olmalıdır. Ərizəçi müraciətində nəzərdə tutulan hava gəmisinin kateqoriyasına uyğun olaraq həmin hava gəmisində Agentlik tərəfindən müəyyən edilmiş uçuş saatlarını tamamlamaqla və uçuş təlimi yerinə yetirməklə təcrübə qazanmalıdır.
Ərizəçi Sinif 2 tibbi sertifikata malik olmalıdır.