Bakı. Trend:
İran ABŞ ilə müzakirə aparmaqla bir çox sahələrdə böyük imkanlar əldə edə bilər.
Trend-in məlumatına görə, bunu İran prezidentinin iqtisadi əməkdaşlıq məsələləri üzrə müşaviri Məsumə Ağapur Əlişahi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ ilə müzakirələrdə əsas izlənilən məqsədlərdən birincisi İranın xarici ölkələrdə bloklanmış vəsaitlərinin sərbəst buraxılmasıdır. Bu vəsait hazırkı şəraitdə ölkənin infrastrukturlarının inkişaf etdirilməsində xüsusi rola sahib ola bilər.
Əlişahi bildirib ki, ikincisi, İrana tətbiq olunan sanksiyalarının ləğv edilməsidir. Bu isə İran üçün şəraiti daha da yaxşılaşdıra bilər. Sanksiyaların ləğv edilməsi İranın qısa müddət ərzində inkişaf tempini sürətləndirməsi ilə nəticələnə bilər.
“Hazırda İran və ABŞ elə bir mərhələdədir ki, hər iki tərəf hörmətlə və məntiqlə dialoq aparır. Bu çox önəmli məsələdir. Gərginlik şəraitində dialoq formalaşa bilməz. Bu isə İranın əldə etdiyi ən yaxşı nailiyyətlərdən biri hesab oluna bilər”, - deyə o qeyd edib.
Qeyd edək ki, ötən gün (12 aprel Oman paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.
Əlavə edək ki, ABŞ 2018-ci il noyabr ayında İranın nüvə proqramı ilə əlaqədar İrana qarşı yeni sanksiyalar tətbiq edib. Ötən müddət ərzində sanksiyalara İranın neft ixracı, 700-dən çox bank, şirkət və fiziki şəxs daxil olunub.
Xatırladaq ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla Atom Enerjisi üzrə Büynəlxalq Agentliyin nəzarət mexanizmi 20-30% azalıb.