Antalya. Trend:
Türk Dövlətləri Təşkilatının dövlət və hökümət başçılarının 12-ci sammiti 2025-ci ilin oktyabr ayında Azərbaycanda keçiriləcək.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.
E.Əmirbəyov Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) sadiqliyini vurğulayaraq təşkilatın daha geniş Avrasiya geosiyasətində təsirinin gücləndirilməsinin ölkənin əsas xarici siyasət prioritetlərindən biri olduğunu qeyd edib.
"2009-cu ildə Naxçıvanda təsis olunandan bəri TDT uzun bir yol keçib. Əminəm ki, bütün bu məsələlər cari ilin oktyabr ayında Azərbaycanın qürurla ev sahibliyi edəcəyi üzv ölkələrin dövlət və hökumət başçılarının 12-ci Zirvə toplantısında ətraflı müzakirə olunacaq," – deyə E.Əmirbəyov bildirib. "Təşkilatı mədəni və dil baxımından bağlı bir birlikdən əhəmiyyətli geosiyasi oyunçuya çevirmək üçün daha çox həmrəy, məqsədyönlü və görünən fəaliyyətlər göstərməliyik."
E.Əmirbəyov əlavə edib ki, bu sammit məhz həmin məqsədlərə çatmaq üçün nəzərdə tutulub və təşkilatın regional nüfuzunu daha da artırmaq məqsədilə əsas məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq.