Bakı. Trend:
Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq taksi fəaliyyəti ilə məşğul olan “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü 38 yaşlı Rüstəm Rüstəmov saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Bu zaman R.Rüstəmovun narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti göstərdiyi müəyyən olunub. Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Rüstəmov 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Bundan başqa Nizami RPİ DYŞ-nin əməkdaşları tərəfindən müvafiq icazələri olmadan rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin aşkarlanması məqsədi ilə profilaktik tədbirlər təşkil edilib. Son iki gün ərzində 61 sürücünün qanunsuz olaraq taksi fəaliyəti ilə məşğul olduğu aşkar edilib. Sürücülərlə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilərək barələrində inzibati protokol tərtib olunub. Qeyd edilib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxslər müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Onu da vurğulayaq ki, istehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobillər taksi fəaliyyətinə cəlb edilə bilməzlər.