...

Azərbaycan ilk dəfə UFC turnirinə ev sahibliyi edəcək (FOTO)

İdman Materials 11 Aprel 2025 23:36 (UTC +04:00)
Azərbaycan ilk dəfə UFC turnirinə ev sahibliyi edəcək (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək.

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu tarixi hadisə 21 iyun, şənbə günü Bakı Kristal Zalında baş tutacaq.

Döyüş yarışı UFC, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşlığı ilə həyata keçəcək.

Tədbirin əsas döyüşündə keçmiş UFC yarım ağır çəki çempionu, hazırda 4-cü yerdəki namizəd Camal Hill, 7-ci yerdəki Xəlil Raundtri Jr.-lə qarşılaşacaq.

"UFC FIGHT NIGHT™: HILL vs. ROUNDTREE JR." tədbiri üçün biletlər 25 aprel tarixində, saat 10:00-da (Bakı vaxtı ilə) iTicket platforması üzərindən satışa çıxarılacaq.

"UFC Fight Club" üzvləri üçün erkən satış 23 aprel, çərşənbə günü saat 10:00-da, öncədən qeydiyyatdan keçən şəxslər üçün isə 24 aprel, cümə axşamı saat 10:00-da start götürəcək.

Bildirilib ki, UFC prezidenti və baş icraçı direktoru Dana Vayt ilə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov əməkdaşlıq haqqında razılaşma imzalayıb. İmzalanma mərasimi şənbə günü keçiriləcək UFC 314: VOLKANOVSKİ vs. LOPES döyüşündən öncə Mayamidə baş tutub.

“Azərbaycan və onun paytaxtı Bakı beynəlxalq idman tədbirlərinin keçirilməsi baxımından böyük bir tarixə malikdir. Bizim bu regiondan çıxan çoxlu sayda güclü idmançılarımız var. Bu səbəbdən UFC-nin növbəti tədbirinin Bakıda qərar tutması təsadüfi deyil. 21 iyun Bakıda keçiriləcək debut tədbirini səbirsizliklə gözləyirəm”, - UFC-nin baş icraçı direktoru Dana Vayt bildirib.

Gənclər və idman naziri Fərid Qayıbov qeyd edib kk, UFC-nin Bakıda keçirilməsi idman sahəsində Azərbaycanın regional liderə çevrilməsi istiqamətində atılmış növbəti mühüm addımdır:

”Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. UFC ilə bu yeni əməkdaşlıq ölkəmizin qlobal idman mərkəzi kimi mövqeyini daha da gücləndirir və idmanın inkişafı ilə beynəlxalq əməkdaşlığa sadiqliyimizi nümayiş etdirir."

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev isə bildirib ki, Formula 1 ilə uzun müddətli əməkdaşlıql yanaşı, UFC ilə tərəfdaşlıq Bakının idman dünyasında növbəti böyük uğurudur.

”Bu tədbir Azərbaycanın qlobal idman səhnəsindəki nüfuzunu daha da artıracaq. Biz UFC və döyüş idmanlarının bölgədə inkişafına töhfə verməsindən qürur duyuruq və Bakını böyük beynəlxalq idman tədbirləri üçün əsas mərkəzə çevirməyə davam edirik”, - o bildirib.

Keçmiş çempion Camal Hill (12 qələbə, 3 məğlubiyyət, 1 döyüş nəticəsiz; ABŞ, Miçiqan) 2025-ci ildəki ikinci döyüşü üçün Octagon-a sürətli qayıdış etməyi planlaşdırır. “Dana White’s Contender Series”-də UFC çempionluğunu qət edən ilk idmançı Hill, Tiaqu Santos, Coni Volker və Cimmi Krut kimi döyüşçüləri məğlub edərək çempionluğa yüksəlib. Hill, bu döyüşdə Xəlil Raundtri Jr.-ni məğlub edərək, çempionluq yolunda irəliləməyi planlaşdırır.

Raundtri Jr. (14 qələbə, 6 məğlubiyyət, 1 döyüş nəticəsiz; ABŞ, Nevada) isə ötən ilin oktyabrında UFC 307-də Aleks Pereyra ilə keçirdiyi və “Gecənin Döyüşü” seçilən çıxışından sonra ilk dəfə yarışacaq. Güclü zərbələri ilə tanınan Raundtri Jr., 13 qələbəsinin 9-nu nokautla qazanıb. Kris Daukus, Karl Roberson və Modestas Bukauskas üzərindəki qələbələri ilə azarkeşlərin rəğbətini qazanan döyüşçü bu dəfə Hill-in ilk beşdəki yerini almağa çalışacaq.

Bu möhtəşəm döyüş gecəsində, həmçinin UFC azarkeşlərinin böyük maraqla gözlədiyi Kyoji Xoriquçinin (34 qələbə, 5 məğlubiyyət; ABŞ, Florida – Yaponiya, Qunma əsili) geri dönüşü baş tutacaq. O, UFC tarixində ilk Yaponiyalı çempion olmaq uğrunda mübarizə aparacaq. Onun yolunu kəsəcək isə ən yüngül çəki reytinqində 10-cu pillədə qərarlaşan Təğir Ulanbekov (16 qələbə, 2 məğlubiyyət; Rusiya, Mahaçqala) olacaq. Ulanbekov, keçmiş UFC yüngül çəki çempionu Həbib Nurməhəmmədovun rəhbərliyi altında hazırlaşır və ən yüngül çəki kateqoriyasında zirvəyə yüksəlməyi hədəfləyir.

Ağır çəkidə isə qarşılaşma əsl partlayış vəd edir. Reytinqdə 5-ci pillədə yer alan amerikalı Kördis Bleyds (18 qələbə, 5 məğlubiyyət; ABŞ, Çikaqo) UFC-də debüt edəcək və “Dana White’s Contender Series”-nın parlayan ulduzu olan Rizvan Kunievlə (13 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə; Rusiya, Dağıstan) üz-üzə gələcək. Kuniev bu döyüşlə adını UFC arenasında təsdiqləməyi qarşısına məqsəd qoyur.

Əlavə olaraq, turnirin proqramında yer alan digər döyüşlər aşağıdakılardır:

- İsmayıl Naurdiyev (24 qələbə, 7 məğlubiyyət; Mərakeş, Rabat) orta çəki qarşılaşmasında Çunyonq Parkla (18 qələbə, 6 məğlubiyyət; Cənubi Koreya, Seul) üz-üzə gələcək.

- Ağır çəki döyüşündə Hamdi Abdelvahab (6 qələbə, 0 məğlubiyyət; ABŞ, Nyu-York – Misir, Qahirə) Məhəmməd Usmanla (10 qələbə, 4 məğlubiyyət; ABŞ, Texas) qarşılaşacaq.

- Bantam çəki qarşılaşmasında İrina Alekseyeva (5 qələbə, 2 məğlubiyyət; Rusiya, Çelyabinsk) Klaudiya Siqulaya (6 qələbə, 2 məğlubiyyət; Polşa, Lodz) qarşı döyüşəcək.

- Digər bantam çəki qarşılaşmasında isə Darya Jeleznyakova (9 qələbə, 2 məğlubiyyət; Fransa, Paris – Rusiya, Sankt-Peterburq) Melisa Mallinslə (7 qələbə, 1 məğlubiyyət; İngiltərə, Koventri) qarşılaşacaq.

Azərbaycanlı döyüşçülər UFC səhnəsində sürətlə irəliləyir, dünya səviyyəli güləş texnikası, zərbə qabiliyyəti və döyüş ruhu nümayiş etdirirlər. Rafael Fiziev kimi idmançılar, keçmiş yüngül çəki çempionu Rafael dos Anjos və Bobi Qren kimi rəqiblər üzərində qazandıqları möhtəşəm qələbələrlə ölkəmizi UFC-də layiqincə təmsil edirlər.

UFC-nin tədbirləri adətən bütün dünyada qısa müddətdə tamamilə satılır. Bu səbəbdən azarkeşlərə bu möhtəşəm gecədə iştirak etmək üçün öncədən ufc.com/Baku ünvanında qeydiyyatdan keçmələri tövsiyə olunur. Ən son yeniliklər və döyüşçü heyəti barədə məlumat almaq üçün @UFCEurasia sosial media hesablarını izləmək olar.

Qeyd edək ki, UFC (Ultimate Fighting Championship) — dünyanın aparıcı qarışıq döyüş sənətləri (MMA) təşkilatıdır. 700 milyondan çox azarkeşi və təxminən 300 milyon sosial media izləyicisi ilə UFC, qlobal döyüş sənayesinin lideridir. Təşkilat hər il dünyanın ən nüfuzlu arenalarında 40-dan çox canlı tədbir keçirir və bu tədbirləri 170-dən çox ölkədə 950 milyondan artıq evə yayımlayır.

UFC-nin idmançı heyətində 70-dən çox ölkəni təmsil edən dünyanın ən güclü MMA döyüşçüləri yer alır. Təşkilatın rəqəmsal məhsullarına UFC FIGHT PASS® da daxildir — bu platforma döyüş idman növləri üzrə dünyanın aparıcı yayım xidmətlərindən biridir.

Xəbər lenti

Xəbər lenti