...

Argentina hökuməti valyuta məhdudiyyətlərinin bir hissəsini ləğv edir

Dünya xəbərləri Materials 12 Aprel 2025 03:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Argentina hökuməti Beynəlxalq Valyuta Fondu (BVF) ilə əldə olunan yeni razılaşma çərçivəsində 14 aprel tarixindən etibarən valyuta məhdudiyyətlərinin bir hissəsini aradan qaldıracaq.

Trend xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Luis Kaputo mətbuat konfransında məlumat verib.

“BVF ilə razılaşma bizə bazar ertəsindən etibarən 2019-cu ildə tətbiq edilən və iqtisadiyyatın normal fəaliyyətinə ciddi ziyan vuran məzənnə nəzarətinə son qoymağa imkan verəcək”, – deyə nazir vurğulayıb.

Argentina Mərkəzi Bankı bildirir ki, hökumətin iqtisadi proqramının yeni mərhələsində dolların məzənnəsi 1000-1400 peso aralığında dəyişəcək və bu diapazon hər ay 1% genişlənəcək. Eyni zamanda, fiziki şəxslər üçün mübadilə məhdudiyyətləri aradan qaldırılacaq və xarici səhmdarlara mənfəət paylarının ödənilməsinə icazə veriləcək.

Xatırladaq ki, valyuta məhdudiyyətləri 2019-cu ilin sentyabrında, sabiq prezident Maurisio Makrinin dövründə, ölkənin valyuta ehtiyatlarının çatışmazlığı səbəbilə tətbiq olunmuşdu.

Hazırda Argentinada bir neçə məzənnə mövcuddur: rəsmi kurs 1 dollar üçün 1097 peso, birja məzənnəsi 1330 peso, “qara bazar” məzənnəsi isə 1375 peso təşkil edir. İndiyədək fiziki şəxslərin ayda 200 dollardan artıq valyuta almasına icazə verilmirdi.

Xəbər lenti

Xəbər lenti