...

Yaponiya 6 saata dünyada ilk 3D-printerlə tikilmiş qatar stansiyasını inşa edib

Dünya xəbərləri Materials 12 Aprel 2025 06:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın Arida şəhəri (Osaka prefekturasının cənubunda) dünyada ilk 3D-printerlə tikilmiş qatar stansiyasına sahib olub.

Trend-in məlumatına görə, bu innovativ tikili 75 ildən artıq fəaliyyət göstərmiş köhnə taxta stansiyanı əvəz edib.

Yeni stansiyanın tikintisi cəmi 6 saat ərzində tamamlanıb. İşlər gecə saatlarında – son qatarın yola düşməsi ilə birincinin gəlməsi arasında həyata keçirilib. Hündürlüyü 2,6 metr, ümumi sahəsi 9,3 kvadratmetr olan bu dəmir-beton bina mandarin və qın balığı təsvirləri ilə bəzədilib – bu elementlər bölgənin simvolik məhsullarını əks etdirir.

Layihə "West Japan Railway Company" (JR West) və tikinti firması "Serendix" tərəfindən birgə həyata keçirilib. JR West rəsmilərinin sözlərinə görə, stansiyanın ənənəvi üsulla inşası iki aydan çox vaxt aparacaq və iki dəfə baha başa gələcəkdi.

Struktur hissələrin 3D printerlə hazırlanması Kumamoto prefekturasında yeddi gün davam edib. Daha sonra bu hissələr Aridaya daşınaraq bir gecə ərzində quraşdırılıb. Tikili seysmik dayanıqlıq baxımından dəmir-beton binalar üçün müəyyən edilmiş bütün standartlara cavab verir.

Hazırda stansiyanın əsas binası tamamlansa da, bilet aparatları və turniketlərin quraşdırılması işləri davam etdirilir. Yeni stansiyanın 2025-ci ilin iyul ayında sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti