Bakı. Trend:
Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Mertsin 6 may tarixində Almaniyanın yeni Kansleri vəzifəsinə seçiləcəyi gözlənilir.
Trend-in yerli mediaya istinadən verdiyi məlumata görə, bu barədə partiyadaxili mənbələr bildiriblər.
Bildirilir ki, Bundestaqda keçiriləcək Kansler seçkiləri ilə bağlı hazırlıq işlərinə artıq start verilib.
Lakin səsvermədən əvvəl Sosial Demokratlar Partiyası (SPD) ilə CDU arasında nəzərdə tutulan koalisiya müqaviləsi hər iki partiya tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir. CDU bu məsələni aprelin 28-də keçiriləcək partiya qurultayında müzakirə edəcək. SPD isə koalisiya razılaşmasını aprelin 30-da partiya üzvləri arasında keçiriləcək səsverməyə çıxaracaq.
Qeyd edək ki, Birlik blokunun digər üzvü olan Xristian Sosialistlər İttifaqının (CSU) sədri Markus Söder partiyasının artıq koalisiya müqaviləsini təsdiqlədiyini açıqlayıb.
Kanslerin seçilməsindən sonra qısa müddət ərzində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən yeni hökumət üzvləri təyin ediləcək. Daha sonra nazirlər Bundestaqda and içərək rəsmi olaraq vəzifələrinin icrasına başlayacaqlar.