Bakı. Trend:
İran və ABŞ arasında Omanda keçirilən müzakirələrin 1-ci raundunda iki tərəf arasında əsaslı anlaşılmazlıq və ixtilaf yox idi.
Trend-in məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, danışıqlar üç saatdan az müddət ərzində başa çatıb:
"Halbuki anışıqların dolayısı şəkildə keçirilməsinə görə, müraciətin və yaxud yazının qarşı tərəfə çatdırılması müəyyən zaman alırdı. Bununla belə, ciddi ixtilafların olmadığına görə, müzakirələrin 1-ci raundu uğurla başa çatdı".
Qəribabadi bildirib ki, 1-ci raund müzakirələrdə üç əsas məsələ diqqət mərkəzində idi.
“Tərəflərin bir-birlərini dəyərləndirməsi əsas məsələlərdən biri idi. Belə ki, hər iki tərəf qarşı tərəfin müzakirələrdə ciddi olub-olmadığını anlamaq istəyirdi”, - deyə o qeyd edib.
Qəribabadi əlavə edib ki, ikinci məsələ anlaşmanın əldə olunması üçün ciddi müzakirələrin formalaşmasının mümkün olub-olmaması idi. Üçüncü məsələ isə tərəflərin bir-biriləri ilə öz prinsipial mövqelərini paylaşması idi.
Qeyd edək ki, 12 apreldə Omanın paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.
