Bakı. Trend:
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) 2025-ci ilin müşahidə olunan ən isti üç ildən biri olduğunu təsdiqləyib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın isti hava hadisələrinə dair açıqladığı yeni hesabatda bildirilib.
Hesabatda qeyd olunub ki, son 11 il müşahidələr tarixində ən isti 11 il olub, okeanların isinməsi isə sürətlə davam edir.
ÜMT-nin 8 fərqli məlumat bazasının birgə təhlilinə əsasən, qlobal orta səth temperaturu sənayeöncəsi dövrlə (1850–1900) müqayisədə təxminən 1,44°C yüksək olub. Məlumat bazalarından ikisi 2025-ci ili son 176 ilin ikinci ən isti ili, altısı isə üçüncü ən isti il kimi qiymətləndirib.
Hesabatda vurğulanır ki, 2023–2025-ci illər bütün 8 məlumat bazasına görə tarixdə ən isti üç il olub. Bu dövr üzrə orta temperatur sənayeöncəsi səviyyədən 1,48°C yüksəkdir.
Sənəddə okean temperaturunun da 2025-ci ildə rekord həddə çatdığı qeyd olunaraq, bunun iqlim sistemində uzunmüddətli istilik yığılmasını əks etdirdiyi vurğulanıb. Qlobal istiləşmə nəticəsində yaranan artıq istiliyin təxminən 90 faizi okeanlarda toplanır ki, bu da okean temperaturunu iqlim dəyişikliyinin əsas göstəricilərindən birinə çevirir.
