Bakı. Trend:
Meşə yanğınları nəticəsində atmosferə yayılan zəhərli tüstü hər il təxminən 1,5 milyon insanın ömrünün qısalmasına səbəb olur.
Fransa Milli Sənaye Ətraf Mühiti və Riskləri İnstitutunun məlumatına görə, meşə yanğınlarından yayılan tüstü havadakı zərərli hissəciklərin səviyyəsini "qənaətbəxş hava keyfiyyəti" göstəricisi ilə müqayisədə 20 dəfəyədək artırır. Hava keyfiyyətinin pisləşməsi yanğın ocaqlarından 400 kilometrədək məsafədə də müşahidə olunur.
Alimlərin təhlillərinə əsasən, İspaniya və Fransada baş verən genişmiqyaslı meşə yanğınlarına səbəb olan ekstremal istilər və quraqlıq iqlim böhranı ilə birbaşa əlaqəlidir.
"World Weather Attribution" (WWA) konsorsiumunun hesablamalarına görə, qlobal istiləşmə İspaniyada isti, quru və küləkli hava şəraitinin yaranma ehtimalını ən azı 20 dəfə, Fransada isə iki dəfə artırıb. Tədqiqat müəllifləri bunu neft, qaz və kömür kimi fosil yanacaqların istifadəsi nəticəsində yaranan iqlim dəyişikliyinin təsiri ilə əlaqələndirirlər.
WWA-nın əvvəlki araşdırmasına görə, iyunun sonunda Avropada qeydə alınan və təxminən 20 min nəfərin ölümünə səbəb olduğu bildirilən güclü istilər iqlim dəyişikliyinin yaratdığı əlavə istilik olmadan bu miqyasda baş verə bilməzdi. Digər tədqiqat isə iqlim böhranının torpaqları daha da qurudaraq quraqlığın şiddətini artırdığını göstərib.
Mütəxəssislərin fikrincə, yüksək temperatur və quru torpaq meşə yanğınlarının intensivliyini artıran əsas amillərdəndir. Son araşdırmalar, o cümlədən 2025-ci ildə baş vermiş meşə yanğınları ilə bağlı tədqiqatlar da yanğınların iqlim böhranı səbəbindən daha dağıdıcı xarakter aldığını təsdiqləyib.
Bundan əlavə, bu il Qərbi Avropada meşə yanğınlarının geniş yayılmasına qış və yaz aylarında yağıntıların çox olması da təsir göstərib. Yağıntılar nəticəsində sürətlə inkişaf edən bitki örtüyü sonradan isti hava şəraitində quruyaraq yanğınlar üçün əlavə yanacaq rolunu oynayıb. Alimlər qeyd edirlər ki, qlobal istiləşmə Avropada qışların daha rütubətli, yayların isə daha isti və quraq keçməsinə səbəb olur ki, bu da meşə yanğınları riskini artırır.
