...

Yuşenko Türkmənbaşı ilə qaz üzrə hesablaşma məsələsini müzakirə edib

Dünya xəbərləri Materials 20 İyun 2006 19:34 (UTC +04:00)

Türkmənistan prezidenti Saparmurat Niyazov və Ukrayna prezidenti Viktor Yuşenko bazar ertəsi, iyunun 19-da axşam baş tutan telefon danışığı zamanı Türkmənistan -Ukrayna münasibətlərinin vacib aspektlərini müzakirə ediblər.

Trend in Türkmənistan dövlət başçısının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, danışıq Ukrayna prezidentinin təşəbbüsü ilə baş tutub.

Mətbuat xidməti nümayəndəsinin sözlərinə görə, iki dövlətin başçısı, ilk növbədə, əvvəllər tədarük olunmuş Türkmənistanın təbii qazı üzrə qarşılıqlı hesablaşma məsələlərini müzakirə ediblər və türkmən təbii qazının tədarükü, Xəzər şelfinin karbohidrogen ehtiyatlarının işlənməsi sahəsində dövlətlərarası ticari-iqtisadi əlaqələri genişləndirmək və möhkəmləndirmək barədə hər iki tərəf öz arzusunu bildirib.

Ukrayna prezidenti Türkmənistanın Neft-qaz sənayesi və mineral resurslar nazirliyində danışıqlar üçün bu yaxınlarda Aşqabada gələcək Ukraynanın Yanacaq və Energetika naziri İvan Plaçkovu qəbul etməsini Niyazovdan xahiş edib.

Həmçinin dövlət başçıları ikitərəfli əməkdaşlığın sonrakı inkişafı istiqamətində əsas istiqamətləri razılaşdırmaq məqsədi ilə cari ilin ikinci yarısında görüşmək qərarına gəliblər.

Xəbər verildiyi kimi, bazar ertəsi, iyunun 19-da Niyazov və "Qazprom" ASC-nin idarə heyətinin başçısı Aleksey Miller arasında danışıqlar olub. Görüşdə 2006-cı ildə Türkmənistandan əlavə qazın alınması imkanı, həmçinin 2007 və 2008-ci illərdə türkmən qazının tədarükünün planlaşdırılan həcmi müzakirə olunub. Görüşün nəticəsinə görə yaxın günlərdə danışıqları davam etdirmək barədə razılığa gəliblər. 2005-ci ilin dekabr ayında Aleksey Millerin Türkmənistan səfəri zamanı tərəflər 2006-cı ildə "Qazprom"a tədarük edilən qazın həcmini 30 milyard kub metrə qədər artırmaq haqqında razılaşıblar. 1 yanvar 2006-cı ildən etibarən təbii qazın 1000 kub metrinin qiyməti 65 ABŞ dolları səviyyəsində müəyyən olunub.

Ukraynanın Yanacaq və energetika naziri İvan Plaçkov ötən həftə jurnalistlərə bildirib ki, Ukrayna 2006-cı ilin ikinci yarısından birbaşa danışıqlar üzrə Türkmənistandan təbii qazın birbaşa tədarükünün bərpasına ümid edir.

"Naftoqaz Ukraїni" Milli Səhmdar Şirkəti (MSŞ) və "Türkmənqaz" dövlət konserni 2005-ci ilin dekabr ayında Ukraynaya 2006-cı ilin birinci yarısında 1 min kub metri 50 ABŞ dolları, ikinci yarısında isə 1 min kub metri 60 ABŞ dolları olan 40 milyard kub metr qazın tədarükü haqqında saziş imzalayıblar.

"Bu müqavilə bu gün fəaliyyət göstərmir. Biz indi bu müqavilənin ilin ikinci yarısında fəaliyyətini təmin etmək üçün səfərə və türkmən tərəfi ilə danışıqlara hazırlaşırıq", - deyə nazir bildirib və qeyd edib ki, Ukrayna tərəfi bu müqavilə üzrə ən azı 10-12 milyard kub metr qaz əldə etməyi nəzərdə tutur.

Aşqabadın ixrac olunan qazın qiymətini qaldırmaq istəyini şərh edərkən, İ.Plaçkov qeyd edib ki, Ukrayna üçün 1 min kub metri 60 ABŞ dollarından çox olan türkmən qazı almaq iqtisadi cəhətdən məqsədəuyğun deyil. "Biz qiymətin artması ilə razılaşa bilmərik, bizə bu qazı almaq sərf etmir", - deyə İ.Plaçkov bildirib.

Nazir həmçinin bildirib ki, "Naftoqaz Ukrayna"nın 2006-cı ilə qədər tədarük edilmiş türkmən qazı üzrə öhdəlikləri iyunun 5-dəki vəziyyətə görə 64,2 milyon ABŞ dolları təşkil edib. Şirkət qaz hesablaşmaları üzrə 59,468 milyon ABŞ dolları məbləğində böyük diametrli borular və 4,732 milyon məbləğində digər avadanlıq tədarük edəcək.

Plaçkov qeyd edib ki, Aşqabadın Ukrayna şirkətlərinin Türkmənistan ərazisində yerinə yetirdiyi işlərin ödənişi üzrə borcu var. "Naftoqaz Ukraїni" 2006-cı ilə qədər birbaşa müqavilələr üzrə "Türkmənqaz"dan təbii qaz alıb.

Bu zaman RosUkrEnergo türkmən qazının Rusiya-Ukrayna sərhəddinə qədər nəqli üzrə operator qismində çıxış edib.

"Türkmənqaz" ötən ilin dekabr ayında imzalanmış müqaviləyə baxmayaraq, 1 yanvar 2006-cı ildən "Naftoqaz Ukraїni" ünvanına təbii qaz tədarükünü dayandırıb, RosUkrEnergo isə yeni rolda - türkmən qazının Ukrayna tədarükçüsü rolunda çıxış edib.

Xəbər lenti

Xəbər lenti