...

BMT Mərkəzi Asiya və Əfqanıstanda narkotik alveri ilə mübarizədə NATO-Rusiya Şurasına yardım edəcək

Dünya xəbərləri Materials 31 İyul 2006 15:56 (UTC +04:00)

BMT-nin narkotik və cinayət üzrə idarəsi və NATO-Rusiya Şurası Mərkəzi Asiya ölkələrində narkotik ticarəti ilə birgə mübarizə haqqında saziş bağlayıblar. Saziş iştirakçıları bölgə ölkələrinin hüquq-mühafizə orqanları əməkdaşlarının xüsusiləşdirilmiş hazırlığını birgə həyata keçirəcəklər.

Trend in xəbər verdiyi kimi, BMT-nin narkotik və cinayət üzrə idarəsinin başçısı Antonio Mariya Kosta bəyan edib ki, Mərkəzi Asiya - narkotiklərin qanunsuz ticarəti ilə mübarizə cəbhəsinin ön cərgəsidir. Onun sözlərinə görə, bu sərhədlərdən göndərilən narkotiklər bütün dünyada milyonlarla insan həyatını məhv edir və HİV/QİÇS epidemiyasının yayılmasına, həmçinin mütəşəkkil cinayətkarlığın artmasına imkan yaradır.

Dünyadakı tiryəkin böyük hissəsi Əfqanıstanda istehsal olunur. Onun beşdə bir hissəsi məhz beş keçmiş sovet respublikasının - Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstan ərazisindən keçməklə Əfqanıstandan Rusiyaya və digər Avropa ölkələrinə qanunsuz daxil olur.

Saziş çərçivəsində BMT ekspertlərinə təlim proqramlarının, Rusiya və NATO mütəxəssislərinin Mərkəzi Asiyanın beş dövlətində və Əfqanıstanda keçirəcəyi qısamüddətli kursların hazırlanması həvalə olunub. Təşəbbüsün həyata keçirilməsi üçün 927 min dollar ayrılıb.

NATO-Rusiya Şurası 2002-ci ildə yaradılıb. Bu, Şimali Atlantika müqaviləsi Təşkilatı və Rusiya Federasiyası arasında terrorla mübarizə, nüvə silahının yayılmaması, raket əleyhinə müdafiə, kosmik məkanın mənimsənilməsi kimi sahələrdə tərəfdaşlıq haqqında razılaşmadır.

Xəbər lenti

Xəbər lenti