Gürcüstan hökuməti 2007-ilin dövlət büdcəsini təsdiqləyib. Dövlət büdcəsi 3,9 mlrd. lari (2,1 mlrd. dollar) təşkil edir. Trend in Gürcüstandakı xüsusi müxbirinin xəbər verdiyi kimi, bu barədə hökumət yığıncağının yekunları ilə bağlı keçirilən brifinqdə Gürcüstanın maliyyə nazirinin müavini Laşa Qotsiridze bildirib.
Onun sözlərinə görə, büdcənin böyük hissəsini vergi gəlirləri - 2,9 mlrd. lari (1,6 mlrd. dollar) təşkil edir.
Bununla yanaşı, Qotsiridze qeyd edib ki, sentyabrın 1-dən yeni gömrük tarifləri qüvvəyə minməsinə və gömrük gəlirlərinin 160 mln. lari, o cümlədən ƏDV qismində 30 mln. lari aşağı düşməsinə baxmayaraq, vergi gəlirləri 2006-cı illə müqayisədə 15 % və ya 350 mln. lari artıb.
Səhiyyə və sosial məsələlər (1 mlrd. lari), təhsil (200 mln. üstəlik məktəblərin yenidən qurulmasına150 mln. lari), müdafiə və hüquq mühafizəsi (820 mln. lari), iqtisadi inkişafa yardım (700 mln. - bunun da 550 mln. larisi yolların yenidən qurulmasına, 110 mln. larisi energetika sahəsinin inkişafına yönəldilib), regional layihələr (100 mln. lari) dövlət büdcəsinin prioritetləridir.
Qotsiridzenin bildirdiyinə görə, 2007-ci ildə ÜDM göstəricisi 16 mlrd. lariyə çatacaq ki, bu da 2006-cı ilin göstəricisini 2,4 mlrd. lari ötəcək. İnflyasiya isə 6 % səviyyəsində gözlənilir.