Azərbaycan, Bakı, 4 yanvar / Trend müxbir M.Əliyev/
Azərbaycanın hakim partiyası prezident seçkisində heç kimi İlham Əliyevə rəqib görmür.
"Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevə heç bir rəqib yoxdur", bunu cümə günü Trend-ə Müsavat Partiyasının Məclisinin İsa Qəmbərin prezidentliyə namizəd kimi irəli sürməsini şərh edərkən hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.
"Azərbaycan xalqı bütövlükdə İlham Əliyevi dəstəkləyir, onun gördüyü işləri, apardığı siyasəti, islahatları dəstəkləyir. Bu da seçkilərdə özünü göstərəcək və hansı namizədlərin irəli sürülməsindən asılı olmayaraq səsvermə hüququ olan vətəndaşlar yekdilliklə İlham Əliyevə səs verəcəklər", - o bildirib.
Novruzov qeyd edib ki, Müsavat Partiyası Məclisinin qərarı bir daha İsa Qəmbərin müxalifətin vahid namizədi kimi qəbul olunmamasını sübut etdi.
"Müsavatın qərarı bir daha onu göstərdi ki, İsa Qəmbəri Azərbaycan müxalifətində heç bir partiya, heç bir ictimai qurum vahid namizəd kimi qəbul etmir", - Novruzov deyib.
Qeyd edək ki, Müsavat Partiyası bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak barədə qərar verib. Müsavat Divanının prezident seçkilərində iştirakla bağlı tövsiyələrini məqsədəuyğun hesab edən Məclis partiyanın başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsinə də qərar verib.
Xatırladaq ki, Azərbaycanda prezident seçkisinin bu ilin payız aylarında keçirilməsi planlaşdırılır.