Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Hüseyn Vəliyev/
"Növbəti Avropa Oyunlarının keçiriləcəyi şəhər üçün təşkilatçılıq səviyyəsi baxımından Bakı ilə rəqabətə girmək çətin olacaq". Bu barədə Trend-ə İspaniya Milli Olimpiya Komitəsinin (MOK) mətbuat attaşesi Karmen Xunkal Munyos deyib.
O bildirib ki, Oyunları Bakının təşkil etdiyi kimi təşkil etmək çətin olacaq.
K.Munyosun sözlərinə görə, bütün idmançılar Oyunlardan razıdır.
O, həmçinin qeyd edib ki, Bakıda böyük idman obyektləri var, onlar rahat və bir-birinə yaxın yerləşir.
Attaşe Atletlər kəndində yaxşı şəraitin yaradıldığını bildirib: "Əvvəllər heç vaxt Bakıda olduğu kimi, belə yaxşı Atletlər kəndi görməmişəm".
K.Munyos paytaxtımızı çox bəyəndiyini qeyd edib: "İnsanlar çox mehribandır, hər an kömək etməyə hazırdırlar. Bakı turistlər üçün cəlbedici məkandır, səyahət etmək üçün əla yerdir. Bakıda başqa yarışlar keçirilsə, yenə gəlmək istərdim".
O bildirib ki, Bakı Olimpiya Oyunlarını keçirmək istəsə, bunun da öhdəsindən gələcək.