...

Ramiz Quliyev: Tar mənə naməlum uçan obyekt kimi görünürdü (FOTO)

Mədəniyyət Materials 30 Aprel 2012 13:28 (UTC +04:00)
Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli, beynəlxalq müsabiqələr laureatı, professor Ramiz Quliyevin bu gün 65 yaşı tamam olur.
Ramiz Quliyev: Tar mənə naməlum uçan obyekt kimi görünürdü (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir V.İmanov /

Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli, beynəlxalq müsabiqələr laureatı, professor Ramiz Quliyevin bu gün 65 yaşı tamam olur. Trend oxucularına bir çox ölkələrdə olmuş və öz möcüzəli tarı ilə musiqisevərlərin qəlbini fəth etmiş məşhur tarzənlə müsahibəni təqdim edirik.

- Sizi 65 illik yubileyiniz münasibəti ilə təbrik edirik! Bu tarix Sizin üçün nə deməkdir?

- Eh, vaxt elə sürətlə uçur ki, illərin necə keçdiyini hətta heç hiss etmirsən. Nə olar, həyatıma bəzi yekunları vurmağın vaxtıdır. İnsan həmişə səmimi olmalıdır, yaş ötdükcə isə daha səmimi və xeyirhah olmaq lazımdır. Necə şəxsiyyət olduğun, bu həyatda öz ailən, yaradıcılığın, xalqın və ölkən üçün nə etdiyin barədə düşünürsən. Məncə, az iş görülməyib.

- Səmimiyyətdən danışırsınız. Elə isə cavab verin, özünüzü 65 yaşında hiss edirsinizmi?

- Xoşbəxt ölkədə yaşayarkən, yaş heç bir əhəmiyyət kəsb etmir. Yaradıcılığı sevəndə və ətrafında gözəl dostlar olanda illər keçdikcə qəlbin qətiyyən qocalmır. Mən qətiyyən özümü yaşlı hiss etmirəm, sadəcə illər əlavə olunub və saçlara dən düşüb (gülür). Hər günə və sənə verilən yaşamaq, yaratmaq imkanına görə Allaha şükür etmək lazımdır. Bax, məsələn, siz məni müsahibəyə dəvət etmisiniz və bu, mənə çox xoşdur.

- Milli alətə - tara sevgi haradan yaranıb? Axı vaxtilə sizin gənclik yaşlarınızda gitarada və ya sintezatorda çalmaq, cazmen və ya estrada musiqiçisi olmaq dəbdə idi.

- Hər kəsin musiqiyə meyl göstərməsinin öz səbəbi var. Bəziləri bunu pul qazanmaq, başqaları şöhrət qazanmaq naminə edirlər. Mənim üçün isə bu, tərcümeyi-hal oldu. Bilirsiniz ki, Qarabağ torpağı öz milli ənənələri ilə şöhrət qazanıb və oradan çoxsaylı tanınmış musiqiçilər, bəstəkarlar və müğənnilər çıxıb. Onlar ölkəmizdə mədənyyətin inkişafına misilsiz töhfə veriblər. Bizim Ağdamdakı evimizdə divardan tar asılmışdı, lakin mən hətta onun adını və nə olduğunu bilmirdim. Müasir dildə desək, o mənə hansısa naməlum uçan obyekt kimi görünürdü (gülür). Beş yaşım olanda atamdan soruşdum: "Ağa (biz atamıza belə müraciət edirdik), bu nədir?". O cavab verdi: "Bu mənim əmimin tarıdır" və onun gözləri yaşardı. Sonralar anam mənə danışdı ki, Qərib əmi hərbiçi idi və Böyük Vətən müharibəsindən əlil qayıtmışdı. Onun sol qolu iflic olmuşdu və bütün kürəyi mərmi qəlpələri ilə deşik-deşik idi. Bütün beş ili o döyüşmüşdü, daha sonra o, Kəlbəcər rayonunda hərbi komissar işləmişdi. Və tarda çalmağı mənə öyrətməsi üçün onun gəlişini səbirsizliklə gözləyirdim. Bir dəfə əmim gəldi. Elə sevindim ki, dərhal onun boynuna atıldım. Əmim balaca oğlanın ona belə məhəbbətindən təəccübləndi. Mən onu otağa apardım və soruşdum: "Əmi, bu kimin tarıdır?". O cavab verdi: "İndi o sənindir!". Tarı divardan götürdü və mənə uzatdı. Onu tutmaq mənim üçün ağır idi. Onda əmim məni öz yanında əyləşdirdi və mənə barmağımla sarı simlərdən birinə toxunmağımı söylədi. Mən bunu edəndə, İlahi elə ecazkar səs gəldi ki! Mən hiss etdim ki, bu səs sanki məni gözə görünməyən gözəl dünyaya apardı. Və əmim tədricən mənə bu sənəti öyrətməyə başladı.

- Bu illər ərzində sizin ən əsas qazancınız nə olub?

- İnsanların sevgisi və hörmətindən dəyərli nə ola bilər? Xüsusilə də, sənin uşaqların da yaradıcılıqla məşğul olurlar. Mən dirijor olan və beynəlxaq müsabiqələr lauretatı, dünyanın bir çox ölkələrində uğurla çıxış edən oğlum Eyyubla fəxr edirəm. Hər ataya və oğula bir səhnədə çıxış etmək nəsib olmur. Böyük oğlum elmlə məşğuldur, həyat yoldaşımın işlədiyi universitetdə dərs deyir. Ailəmiz yaradıcılıq və elmlə yaşayır. Bu, mənim üçün böyük xoşbəxtlikdir. Bəli, mən təsadüfən tar ifaçısı olmamışam. Hər bir alətin öz dili var, milli alətdə isə o xüsusidir. Çünki xalqın mədəniyyətini ən gözəl çalarlarda başqa insanlara çatdırır. Tar isə qədim incəsənətimiz, milli musiqimiz və sərvətimiz olan muğamı adamlara çatdırmağa xidmət edir. Tarda çalarkən mən öz səsimi və Vətənə sevgimi insanlara çatdırmaq imkanı əldə edirəm, musiqimiz dünyanı fəth edəndə mən daha güclü və cavan oluram. Ona görə də mənə deməyin ki, artıq 65 yaşım var (gülür).

Xəbər lenti

Xəbər lenti