...

YARAT belçikalı rəssamı Mişel Fransuanın "Panoptikum" və CHINGIZ-in "İNSƏN" fərdi sərgilərini təqdim edir (FOTO)

Mədəniyyət Materials 18 Mart 2022 14:12 (UTC +04:00)
YARAT belçikalı rəssamı Mişel Fransuanın "Panoptikum" və CHINGIZ-in "İNSƏN" fərdi sərgilərini təqdim edir (FOTO)

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı belçikalı rəssamı Mişel Fransuanın "Panoptikum" və CHINGIZ-in "İNSƏN" adlı fərdi sərgiləri təqdim edir.

Trend-in məlumatına görə, Mişel Fransuanın "Panoptikum" sərgi restriktiv, süni vasitələr və onu əhatə edən təbii elementlər arasındakı dialoq kimi nəzərdə tutulub, azadlıq ehtirasımızı simvolizə edir.

İmmersiv instalyasiya, rəssamın Bakıdakı tədqiqat rezidenturasının nəticəsidir və ətrafdakı obyektlərə siklopik (təpəgöz) gözlə baxan müşahidə qülləsinin mərkəzi hissəsindən ibarətdir. Panoptikum hər şeyi müşahidə edir, həmçinin bizim varlığımızı çağırılmamış qonaqlar və ya şahidlər kimi əks etdirir. M.Fransuanın əsəri ilhamını, XVIII əsrdə sosioloq və filosof Ceremi Bentam tərəfindən ixtira edilmiş institusional həbsxana nəzarət sisteminin memarlıq modelindən alır. Dairəvi müşahidə otaqlarının pəncərələrini güzgülərlə əvəzləyən rəssam, qüllənin strateji məqsədini tərsinə çevirir. Beləliklə, M. Fransuanın əsəri şəxsi həyatın toxunulmazlıq hüququnu sanki “oğurlayan və talayan” nəzarət cihazların sui-istifadəsindən bezmiş bugünkü cəmiyyətin skeptik tənqidi kimi başa düşülə bilər. Qüllə, həmçinin onun ətrafındakı boşluğu dolduran obyektləri əks etdirir. Digər heykəltəraşlıq müdaxilələri isə, tərk edilmiş çəkiliş meydançasında donmuş anları təqdim edirlər.

Bir çox digər öz sərgilərində olduğu kimi rəssam daima “qaçış planı”nı axtarır. Elə görünür ki, o, bu azadlığı təbii elementlərin ram olunmayan gözəlliyində, məsələn: ətrafa alüminium fıstıqlar səpən xəyali fəvvarənin coşqun görünüşündə və ya qəribə bulud kimi səmada süzülən gümüş səddin eleqantlığında tapır.

Eyni azadedici həzzi, YARAT-ın sifarişi ilə rəssam tərəfindən çəkildiyi filmdə, Azərbaycanın palçıq vulkanları landşaftının elmi fantastikaya bənzəyən sehrinin təkrar görüntülərini müşahidə edərkən hiss etmək olar. Burada fasiləsiz transformasiyada sönən qaz qabarcıqları ilə püskürən lava təsvir edilir. Onlar bir zamanlar sürrealistlərin “partlayış təhlükəli” adlandırmaq istədikləri sirli “məhvedici” gözəlliyə malikdir. Təqdim edilmiş digər heykəltəraşlıq kompozisiyalarının əksəriyyəti ölkənin həqiqi gizli xəzinəsi olan təbii resurslarına müəyyən üsulla istinad edən, diqqətlə seçilmiş zəif, demək olar ki, bayağı materiallardan ibarətdir.

Sərgi bizi reallığın və hər günümüzün dalğaları üzərində gəzinməyə dəvət edir, qısa bir zaman kəsiyində rəssamın melanxolik absurd teatrında iştirak edən təsadüfi turistlərə və ya aktyorlara çevirir. Onun əsərlərinin mərkəzində kiçik, sadə təsvirlərin və predmetlərin mürəkkəb dünyada bizim bəşər övladları olaraq necə davrandığımıza qərar verən əsas elementlər kimi çıxışını təhlil etmək ideyası durur.

Sərginin kuratoru Barselonada yaşayan belçikalı rəssam/kurator Erix Vaysdır (Erich Weiss). Hal-hazırda o, Kasseldə keçirilən “Documenta fifteen” sərgisində ekspozisiya meydançasının koordinatoru kimi fəaliyyət göstərir.

Mişel Fransua(d.1956, Belçika) Brüsseldə yaşayır və fəaliyyət göstərir. Onun konseptual təcrübəsinə müxtəlif medialar daxildir, o cümlədən: heykəltəraşlıq, video, fotoqrafiya, poliqrafik materiallar, rəsm və instalyasiya. “Arte Povera” cərəyanının rəssamlarının metoduna bənzər Fransua da görünüşcə mürəkkəb olmayan obyektlərin və materialların, yaxud keçmiş hadisələrin izlərinin dərin rezonanslı məna daşıyıcılarına çevrilməsi üçün vasitələrdən böyük qənaətlə istifadə edir. Onun yaradıcılığına səbəb və nəticənin araşdırılması, həmçinin yaradıcı yolların tərtibatı zamanı sadə jestlər vasitəsilə obyektin vəziyyətini dəyişdirmək və ya mühüm nəticələrə malik olması üsulları kimi baxıla bilər. O, öz layihələrini Havana Biennalesində (2015), 48-ci Venesiya Biennalesindəki Belçika Pavilyonunda (1999), 22-ci San-Paulu Biennalesində (1994) və Kasseldə “IX Documenta”-da (1992) təqdim etmişdir. Onun Birminhemdə “Ikon” Qalereyasında, Nyu-Yorkda Dia İncəsənət Mərkəzində, Gentdə “S.M.A.K”-da, Barselonada Joana Miro Fondunda, Berndə “Kunsthalle”-də, Münhen İncəsənət Evində fərdi sərgiləri olmuşdur. O, Rio-de-Janeyro Müasir İncəsənət Muzeyində, Taypey İncəsənət Muzeyində, Metsdə Pompidu Mərkəzində, Parisdə “Jeu de Paume” Mərkəzində, Münhen İncəsənət Evində, Parisdə Pompidu Mərkəzində və Brüsseldə Hermes Fondunda təşkil edilmiş qrup sərgilərində iştirak etmişdir.

“İNSƏN”, CHINGIZ-in şəxsi təcrübə prizmasından qaynaqlanan və cəmiyyətin fərqli aspektlərini işıqlandırdığı immersiv fərdi layihəsidir. Rəssamın emalatxanasının prototipi kimi çıxış edən, bununla yanaşı canlı, daima inkişafda olan vahid orqanizm kimi təqdim edilən layihə, interaktiv və prosesdə olan sərgidir. Sərginin əsas qəhrəmanı isə zamanın nəbzi və nəfəsi ilə yaşayan/dəyişən İnsan və onun əməlləridir.

Bu ideyanı açıqlamaq üçün dövrün metamorfozlarını, təsir və əks təsirlərini təcəssüm edən heykəl və instalyasiyalar müxtəlif situasiyaların göstəricisi qismində çıxış edir. İnsan və onun ətrafı, hissləri və emosiyaları, təzad və alternativləri üzərində fokuslanan sərgi, baş verən bütün proseslərin mərkəzi, əsas iştirakçısı və performeri insanın özünün olmasını vurğulayır.

Layihəni avtobioqrafikləşdirən rəssam, şəxsi məkan prinsipini emalatxana prototipində inkişaf etdirərək, onu əhatə edən reallıqdan bəhs edir. Sərgi, insanların müxtəlifliyini vurğulayaraq, həm də eyni insanın təkrarlanan həyat situasiyalarında özünü başqa cür aparmasını bildirir, həmçinin onun individual və ziddiyyətli xasiyyətləri haqqında danışır...

Sərgi, CHINGIZ-in formalaşmasına əhəmiyyətli təsir göstərmiş atası Tofiq Babayeva həsr olunur. Sərginin kuratoru Fərəh Ələkbərlidir.

CHINGIZ (Çingiz Babayev, d.1964, Azərbaycan) heykəltəraş, rəssam, dizayner, nəzəriyyəçi, şair və filosof. Onun yaradıcılıq təcrübəsi rəngkarlıq, qrafika, heykəl, kollaj, strit-art, instalyasiya, performans, video-art və digər fərqli mediaları özündə birləşdirərək, müxtəlif ideyaların həyata keçirilmə imkanlarını araşdırır. CHINGIZ-in əsərləri Bakı Müasir İncəsənət Muzeyində, Azərbaycan Milli Xalça Muzeyində, “Vahid Kooros” kolleksiyasında, həmçinin Rusiya, Ukrayna, Vyetnam, ABŞ, Böyük Britaniya, Avstriya, İtaliya, Estoniya, Fransa, Polşa, Finlandiya, Norveç, İsveçrə, Dominikan Respublikası, Qırğızıstan və İranın şəxsi və muzey kolleksiyalarında saxlanılır.

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı)

Sərginin tarixləri: 17 mart – 4 oktyabr, 2022

Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, saat 12:00 – 20:00

Giriş COVID pasportu ilədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti