Bakı. Samir Əli- Trend:
Ali Məhkəmənin Plenumunun qərarına əsasən, REAL sədri İlqar Məmmədov və partiyanın üzvü, hüquq müdafiəçisi Rəsul Cəfərova verilməli olan kompensasiya ödənilib.
Trend-in məlumatına görə, Ali Məhkəmə İlqar Məmmədova mənəvi təzminata görə 234 min manat, Rəsul Cəfərova isə 57400 manat kompensasiya ödənilməsi ilə bağlı qərar qəbul edib.
Hər iki şəxsə kompensasiyası ödənilib.
Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb, cəzanın çəkilməmiş hissəsi şərti hesab olunub.
İlqar Məmmədov Ali Məhkəməyə kassasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Ali Məhkəmənin Plenum qərarında ona bəraət verilib.
İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov 2014-cü ilin avqustun 2-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R.Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub.
R.Cəfərov Prezident İlham Əliyev 2016-cı il martın 17-də imzaladığı Əfv Sərəmcamı ilə azadlığa buraxılıb.