Bakı. Samir Əli - Trend:
Böyük Britaniyanın paytaxtı Londonda Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu yerli vətədaşlara tanıtmaq üçün sosial layihə davam etdirilir.
Trend-in məlumatına görə, "Facebook" və "İnstagram" sosial şəbəkələrində fəaliyyətə başlayan "Karabakh" səhifələrinin müəllifləri tərəfindən London küçələrinə üzərində iri hərflərlə "Karabakh is Azerbaijan" yazıları olan promo avtomobillər buraxılıb.
Həmin avtomobillər Londonun mərkəzi küçə və prospektləri boyu hərəkət edərək insanlara Azərbaycanın ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizə apardığı barədə məlumat verib. Bu aksiya London sakinləri, şəhərdə olan turistlər və jurnalistlər tərəfindən maraqla qarşılanıb.
Bu gün isə sözügedən avtomobil Londonda Ermənistan səfirliyinin qarşısında nümayiş etdirilib.