...

"İdeal"ın keçmiş sahibinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Gündəm Materials 6 Sentyabr 2021 17:56 (UTC +04:00)
"İdeal"ın keçmiş sahibinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Samirə Quliyeva suallara cavab olaraq bildirib ki, Fuad Şahvəliyevi tanıyır,İlqar İsmayılova şirkətin kassasından verilən məbləğlər barədə hesabatlar həm də Fuad Şahvəliyevə verilirdi və istənilən məbləğin məxaric olunmasından həm İlqar İsmayılovun, həm də Fuad Şahvəliyevin xəbəri olurdu.

Bundan əvvəlki iclaslarda Fuad Şahvəliyevin “İdeal Kompani”nin digər ortağını təmsil edən şəxs olmasına dair məhkəmədə fikirlər səsləndirilmişdi.

Şahid əlavə edib ki, İlqar İsmayılovun adına olan, lakin əslində şirkətə mədaxil olunan kreditlər olub ki, həmin klreditlərin aylıq ödənişləri üçün şirkətin xəzinəsindən İlqar İsmayılova vəsait ayrılıb.

Müdafiə tərəfinin sualına cavab verən S.Quliyeva bildirib ki, Həbib Qarayev şirkətdə təsərrüfat məsələlərinə cavabdeh və şirkətə nağd pulların mədaxil-məxaric edilməsində səlahiyyətli şəxs olub.

S.Quliyeva müdafiə tərəfinin ona təqdim etdiyi, İlqar İsmayılov tərəfindən şirkətin kassasına ümumilikdə 5 milyona qədər vəsait mədaxil edilməsinə dair kassa mədaxil qəbzlərində olan imzasını təsdiqləyib və bildirib ki, həqiqətən də bu mədaxillər olub.
Bundan əlavə Samirə Quliyeva mədaxil və məxaric əməliyyatları ilə bağlı özündə İlqar İsmayılovun şirkətə bir milyon beş yüz min, altmış səkkiz min dollar və sair məbləğlər mədaxil etməsi ilə bağlı İlqar İsmayılov və Fuad Şahvəliyevlə elektron yazışmalardan çıxarışları təsdiqləyib.

Onun sözlərinə görə, şirkətin xəzinəsindən edilən bütün əməliyyatlar barədə günün sonunda hesabatlar hazırlanırdı və növbəti gün səhər İlqar İsmayılova, Fuad Şahvəliyevə və maliyyə məsələlərindən digər vəzifəli şəxslərə göndərilirdi.

Şahid bildirib ki, İlqar İsmayılovun adından şirkətin xəzinəsinə böyük məbləğli mədaxillər olurdu. O, “Silkvey Bank”dan İlqar İsmayılovun adına götürülmüş və məbləği bir milyondan yuxarı olan kreditin götürülməsini və bankın inkassatoru tərəfindən nağd şəkildə “İdeal Kompani”nin xəzinəsinə mədaxil edildiyini xatırladığını deyib. S.Quliyeva əlavə edib ki, həmin kreditlər üzrə aylıq ödəniş qrafikləri olduqda ödənişlər şirkətin kassasından ödənilirdi: “Səhv etmirəmsə, həmin kredit üzrə aylıq ödəniş 36 min manat idi”.

İlqar İsmayılova verilən ittihamda isə həmin məbləğlər mənimsəmə kimi qeyd edilib və guya həmin məbləğləri şəxsi kreditlərin ödənişinə sərf edib.

S.Quliyeva verilən suala cavab olaraq onu da təsdiq edib ki, İlqar İsmayılovla yanaşı digər təsisçiyə də ildə iki dəfə böyük məbləğlərdə, dəyəri milyonlarla ölçülən divident ödənilirdi və bu dividendlərin ödənişi hesabatlarda “Gazelli” adı altında sənədləşdirilirdi.
Növbəti proses sentyabrın 20-ə təyin edilib.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti