...

Rəfael Cəbrayılovun məhkəməsində prokuror çıxış edib

Gündəm Materials 12 May 2022 16:27 (UTC +04:00)
Rəfael Cəbrayılovun məhkəməsində prokuror çıxış edib

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Təranə Fətəliyeva bildirib ki, mərhum R.Cəbrayılovla uzaq qohumluq əlaqələri olub: "Bunların ailəsinin həkimi olmuşam. Uşaqlarının dünyaya gətirilməsində həkim olmuşam. Rafael müəllim dedi ki, bina tikirik. Biz ilk evimizi də onlardan almışıq. Digər evimiz var idi, onu satıb ilk olaraq 30 min, daha sonra 20 min manatı Elşənə verdim. 2016-cı ildə də Rafael mənə dedi ki, bina tikirik və istəsən, 1-ci mərtəbədə olan evləri sizə münasib qiymətə verərəm. Biz də ailə olaraq yığışıb 300 min dollar Rafael Cəbrayılova verdik. Binanın tikintisi ilə bağlı vəziyyəti soruşduqda dedi ki, səbirli olun, bina qaçqınlar üçün tikilir deyə tələssəniz, bir az problem olar. Artıq 2 il keçdi, atam soruşdu ki, bina tikilmədi? Həmin ünvana gedəndə gördük ki, bizə verəcəyi evlərdə artıq başqa adamlar qalır. Bunu ondan soruşanda dedi ki, qaçqınlar üçün tikilib, onlar müvəqqətidir. Artıq əmin olduq ki, o, bizi aldadır".

Zərərçəkmiş şəxs onu da bildirib ki, tanışı Xatirə Nəcəfova adlı şəxs də Rafael Cəbrayılovun tikdirdiyi binadan 2 ev alıb: "Xatirə yoldaşı ilə birgə R.Cəbrayılovdan ayrı- ayrılıqda 45 min manat, ümumilikdə 90 min manat verərək 2 ev aldılar. Bir müddət sonra Rafael dedi ki, o evlərdən imtina et, üstünü də düzəlt, sənə təzə tikdirəcəyim binadan 3 ev verəcəm. Xatirəgil də razılaşdı. Bu səbəbdən onlar Nəsimi rayonu 28 mayda yerləşən evlərini satıb 110 min manatı da 90 min manatın üstünə qoyub 200 min manatı Rafael Cəbrayılova verdilər".

Daha sonra dövlət ittihamçısı çıxış edib. O bildirib ki, Rafael Cəbrayılov 178.3.2 və 308.3 maddələri ilə təqsirli bilinsin və ölməsi ilə bağlı cəza təyin edilməsin.

Məhkəmənin növbəti iclası mayın 26-na təyin edilib.

İttihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaq zamanı R.Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə R.Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, R.Cəbrayılov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti