Bakı. Trend:
Londonda ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Anım tədbiri ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov çıxış edərək bildirib ki, Heydər Əliyev irsi qızıl hərflərlə Azərbaycan tarixinə həkk olunub, qədirbilən Azərbaycan xalqı ümummilli liderin xətrini əbədi olaraq əziz və uca tutacaq. Məhz ulu öndərin uzaqgörən yanaşması, xarici təhlükə və təhdidlərdən qoruması sayəsində bu gün Azərbaycan sabitlik diyarına çevrilmiş, cənab Prezident İlham Əliyevin sayəsində torpaqlarını işğaldan azad etmişdir.
Daha sonra səfir Elin Süleymanov ulu öndərin şərəfli ömür yolundan bəhs etmiş, onun ölkəmizin tərəqqisi üçün misilsiz xidmətlərini gələcək nəsillərin heç vaxt yaddan çıxartmayacağını bildirmişdir. Bütün həyatını Azərbaycan xalqının rifahına, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına həsr edən dahi şəxsiyyət Azərbaycanın regional gücə çevrilməsi üçün siyasi-strateji kursun təməlini qoymuşdur. Hal-hazırda cənab Prezident İlham Əliyev bu mühüm və şərəfli missiyanı uğurla irəli aparır, Azərbaycanın haqq səsini bütün dünyaya çatdırır.
Tədbirin sonunda S.Məmmədov və səfirliyin kollektivi ümummilli liderin büstü önünə gül dəstələri qoyub.