...

“Yanğından yaşıllığa” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib (FOTO)

Gündəm Materials 23 Dekabr 2022 16:10 (UTC +04:00)
“Yanğından yaşıllığa” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yanğından yaşıllığa” kampaniyası çərçivəsində ölkə ərazisinin yanğına məruz qalmış meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir.

Birlikdən Trend-ə bildirilib ki, payız ağac əkini mövsümündə Şabran, Siyəzən, Quba, Xaçmaz, Qəbələ, Oğuz, Zaqatala rayonlarının yanğına məruz qalmış meşə fondu ərazilərində meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə hazırlanan xüsusi proqram çərçivəsində yanğınlardan zərər görmüş sahələr təmizlənərək əkinə hazır vəziyyətə gətirilir.

Bu gün Şabran rayonunun yanğına məruz qalmış meşə fondu sahələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının, IDEA İctimai Birliyi və ETSN könüllülərinin iştirakı ilə meşəbərpa tədbirləri aparılıb, 2 hektar ərazidə 6600 ədəd müxtəlif növ ağac əkilib, 300 kiloqram palıd toxumu səpilib.

IDEA İctimai Birliyi və ETSN-in birgə təşkilatçılığı ilə həyata keçirilən kampaniya zamanı meşə fondu torpaqlarının yanğına məruz qalmış ərazilərində hər bölgənin torpaq-iqlim şəraitinə uyğun, meşə təsərrüfatlarının tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş, akasiya kimi müxtəlif cinsli ağacların əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub.

Təəssüf ki, yay mövsümündə isti və quraq hava şəraiti, əsasən də insan faktoru, ehtiyatsız davranışlar nəticəsində ölkənin müxtəlif bölgələrində meşə yanğınları baş verib və hektarlarla meşə fondu sahəsi yanğından zərər görüb.

Son illər iqlim dəyişmələri fonunda qlobal istiləşmə səbəbindən planetdə meşə yanğınları artır, ilbəil miqyası genişlənir. Bu şəraitdə insanların odla ehtiyatsız davranışı, yaşıllıqlara olan etinasızlığı daha çox ərazilərin yanğına məruz qalmasına, daha böyük fəsadların, o cümlədən ağacların məhvinə, ətraf mühitin və biomüxtəlifliyin, kənd təsərrüfatı sahələrinin ciddi zərər görməsinə səbəb olur.

Bu səbəbdən torpaq sahibləri, fermerlər, turistlər və bütün vətəndaşlar yanğın təhlükəsizliyi qaydalarına əməl etməli, yanğınlara şərait yaradan hallara yol verməməlidir.

Meşə ilə örtülü sahələr Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Meşələr bizi təmiz hava və sağlam məkanlarla təmin edir. Onlar suyu təmizləyir, torpaqlarımızı eroziya, daşqın və digər təhlükələrdən qoruyur, yerli və qlobal iqlim şəraitini tənzimləyir, planetimizin flora və faunasının 80%-nə ev sahibliyi edir, yanacaq istifadəsindən əmələ gələn karbon qazının 1/3-ni udmaqla, iqlim dəyişikliyi ilə mübarizədə bizə kömək edir. Meşə ehtiyatları ölkəmizin, xüsusən regionların iqtisadi inkişafına və ümumiyyətlə insanların dolanışığına böyük töfhə verir.

Bütün bunları nəzərə alaraq, meşələrin bərpası və genişləndirilməsi üzrə həyata keçirilən tədbirlər bir çox Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusən də Məqsəd 3 (Səhiyyə və rifah), Məqsəd 13 (İqlim dəyişikliyi), Məqsəd 15 (Torpaq ekosisteminin mühafizəsi) və digər məqsədlərə nail olunmasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti