Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq mühafizə orqanlarının rəhbələri Manafoba kəndində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu Ağcabəyov Tural Təbriz oğlunun ailəsini ziyarət edib.
Elnur Rzayev şəhid ailəsi ilə həmsöhbət olub, qayğıları ilə maraqlanıb. Bildirib ki, vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımız xalqın sevimlisinə çevrilib və onlar heç bir zaman unudulmayacaq.
Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.