Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanın qeyri-hökumət təşkilatı Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.
"Bizi səfirliyin binasına yaxınlaşmağa və qətnaməni səfirliyin nümayəndələrinə təqdim etməyimizə imkan verilməyib", - çərşənbə axşamı Trend -a Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib.
Trend -un arayışı: Oktyabrın 10-da Ankara-Yerevan protokolları İsveçrənin Sürix şəhərində Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan tərəfindən imzalanıb.
Nağının sözlərinə görə, səfirliyin qarşısında piket keçirilməsinə icazə verilməsə də, onlar Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara etiraz olaraq şüarlar səsləndiriblər. "Bundan sonra mən də daxil olmaqla 6 nəfər aksiya iştirakçısı saxlanılaraq Nəsimi rayon 20-ci polis bölməsinə gətirilmişik", - QAT sədri əlavə edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]