...

Narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrup aşkar edilib (FOTO)

Hadisə Materials 12 İyul 2013 16:24 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən həyata keçirilmiş xüsusi əməliyyat nəticəsində daha bir narkotik qaçaqmalçılığının qarşısı alınıb.
Narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrup aşkar edilib (FOTO)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İzzət/

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən həyata keçirilmiş xüsusi əməliyyat nəticəsində daha bir narkotik qaçaqmalçılığının qarşısı alınıb.

DGK-nın mətbuat xidmətindən Trend-ə verilən mləumata görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə respublika ərazisinə gətirilməsi barədə daxil olmuş məlumat əsasında Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində xüsusi əməliyyat tədbirləri həyata keçirilib.

Nəticədə rayonun girişində, yolun sağ tərəfində xüsusi yerdə gizlədilmiş 2 ədəd idman çantasındakı şəffaf sellofan paketlərdə 3 kiloqram 980 qram tiryək, 6 kiloqram 920 qram heroin, 4 kiloqram 925 qram həşiş qətranı, 6 kiloqram 520 qram qurudulmuş marixuana və 3 ədəd şüşə flakonda ayrı-ayrılıqda həcmi 55 ml olmaqla, təsiredici maddəsinin miqdarı 0,165 qram olan metadon, ümumilikdə 22 kiloqram 51 qram çəkidə 5 adda narkotik vasitələri götürmək üçün Kərimov Pərvin Akif oğlu ilə birlikdə sonuncunun idarə etdiyi "QAZ-24" markalı, "68-BA-194" dövlət nömrə nişanlı avtomobillə həmin əraziyə gələn qardaşı Kərimov Xəyal Akif oğlu gömrük əməkdaşlarının yaxınlaşdığını görüb içərisində narkotik vasitə olan çantanı əraziyə tullayaraq gəldiyi maşınla oradan uzaqlaşsa da, daha sonra Biləsuvar rayonu ərazisində saxlanılıb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.3-cü (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddələri ilə cinayət işi başlanıb.

İlkin istintaqla müəyyən edilib ki, Akif Kərimov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi barədə qardaşı Xəyal Kərimov və istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib. Bu məqsədlə cinayətkar qrupun İran İslam Respublikasının Germi şəhərində yaşayan üzvünə 2900 ABŞ dollarını, Azərbaycan Respublikası Cəlilabad şəhəri ərazisində 3700 ABŞ dollarını beh olaraq ödəmiş, qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvləri 2 ədəd idman çantasına qablaşdırılmış ümumi çəkisi 22 kiloqram 51 qram olan 5 adda narkotik vasitələri Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirərək Cəlilabad rayonunun girişində xüsusi yerdə gizlədiblər.

Artıq Kərimov Pərvin Akif oğlu və Kərimov Xəyal Akif şübhəli şəxs qismində tutulub, Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə onlara ittiham elan edilib və Bakı şəhər Yasamal rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə külli miqdarda narkotik vasitələri qanunsuz dövriyyəsində iştirakı olan digər şəxsləri müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti