Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İzzət/
Bakıdakı 3 saylı İstintaq təcridxanasında mobil telefon və narkotik maddələr aşkar edilib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Seymur Yavər oğlu Məmmədovun üzərinə baxış keçirilib. Baxış zamanı onun əynində olan şalvarın cibindən 1 (bir) ədəd "Ken Xin Da" markalı mobil telefon aparatı, 1 (bir) ədəd "Sim" danışıq kartı və 1 (bir) ədəd adaptor aşkar edilərək götürülüb.
Qeyd edək ki, Seymur Məmmədov Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 67.1 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.
Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Aydın Əlimərdan oğlu Xalıqova tanışı Mehman Akif oğlu Ağasiyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Head & Shoulders" şampun qabının içərisində sellofan paketə bükülərək gizlədilmiş xalis çəkisi 2,45 qram olan narkotik vasitə - "Marixuana" aşkar edilərək götürülüb.
Qeyd edək ki, Aydın Xalıqov Cinayət Məcəlləsinin 181.2.1; 181.2.3 maddələri ilə təqsirli bilinərək həbs edilib.
Həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində həmin təcridxanada saxlanılan şəxs Azər Əflan oğlu Quliyevə tanışı Şahin Mirfazil oğlu Abdullayevin gətirdiyi sovqata baxış keçirilərkən "Rexona" qabının içərisində sellofan paketə bükülərək gizlədilmiş xalis çəkisi 2,12 qram olan narkotik vasitə - həşiş aşkar edilərək götürülüb.
Qeyd edək ki, Azər Quliyev Cinayət Məcəlləsinin 181.2.1; 181.2.5 maddələri ilə təqsirli bilinərək həbs edilib.
Hər üç fakt üzrə araşdırma aparılır.