...

RabitəBank-ın vətəndaşların 45 min manatdan çox pulunu talamış vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib

Hadisə Materials 14 Oktyabr 2014 12:28 (UTC +04:00)
“RabitəBank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
RabitəBank-ın vətəndaşların 45 min manatdan çox pulunu talamış vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlkin İzzət/

"RabitəBank" ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "RabitəBank" ASC-nin Lənkəran filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq zamanı "RabitəBank" ASC-nin Lənkəran filialının sabiq müdiri Tərlan Məmmədovun həmin filialın xəzinədarları Azad Kərimov, Seyran Məmmədov və tanışı Elçin Qulamov ilə qabaqcadan əlbir olan qrup təşkil edərək özgənin əmlakını talama məqsədi ilə 17 nəfər Lənkəran rayon sakininə guya müxtəlif məbləğlərdə kredit vəsaitlərinin verilməsi haqqında kredit müqavilələri, kassa məxaric orderləri və digər rəsmi sənədləri tamah niyyətilə saxtalaşdıraraq, filialın xəzinəsindən həmin pul vəsaitlərini məxaric edib götürməklə "RabitəBank" ASC-nin 45 min 705 manat pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə talamalarına şübhələr üçün əsaslar olduğundan Tərlan Məmmədova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313-cü (vəzifə saxtakarlığı), Azad Kərimov 179.3.2, 313, Elçin Qulamov 32.5 (iştirakçılıq), 179.3.2, 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), həmçinin bank filialının baş mühasibi Əlövsət Həbibova 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

Seyran Məmmədov isə ölkə ərazisindən xaricdə yaşadığından onun Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilərək barəsində axtarışı elan olunub.

İstintaq zamanı ziyanın ödənilməsi tam təmin edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti