...

Bakıda qətl törədən Kürdəmir sakini tutulub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 6 Mart 2015 10:44 (UTC +04:00)
Bərdə sakinini Bakıda qətlə yetirməkdə şübhəli bilinən Kürdəmir sakini tutulub.
Bakıda qətl törədən Kürdəmir sakini tutulub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İlkin İzzət/

Bərdə sakinini Bakıda qətlə yetirməkdə şübhəli bilinən Kürdəmir sakini tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 28-də saat 23 radələrində paytaxtın A.Heydərov küçəsində kirayədə yaşayan Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü Bəxtiyar Mail oğlu Əliyev bıçaqla qətlə yetirilib.

DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Nərimanov rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Nicat Əliheydər oğlu Məlikov müəyyən olunaraq tutulub.

Şəhər prokurorluğundan verilən məlumata görə, fevralın 28-də saat 23 radələrində rayonun A.Heydərov küçəsi, ev 2 mənzil 16-da kirayədə yaşamış Əliyev Bəxtiyar Mayıl oğlunun bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam ödürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətin Kürdəmir rayon sakini, Məlikov Nicat Əliheydar oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. N.Məlkov həyata keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra B.Əliyevin yaşadığı mənzildən oğurladığı mərhuma məxsus mobil telefon, kompüter və digər əşyaları istintaq orqanına təqdim etmiş və həmin əşyalar maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti