Bakı. Trend:
Suraxanı rayonu Hövsan qəsəbəsində qadına hücum edərək onun pulunu ələ keçirən şəxslər saxlanılıb.
DİN-dən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Leyla Kazımova metronun “Əhmədli” stansiyasının yaxınlığında müştəri kimi əyləşdiyi “Mersedes” markalı avtomobilin sürücüsündən onu Hövsan qəsəbəsinə aparmağı xahiş edib. Deyilən ünvana çatdıqda sürücü və maşında olan daha bir nəfər qadına bıçaqla hədə-qorxu gələrək 30 manat pulunu ələ keçiriblər.
Zərərçəkən şəxs bu barədə Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə məlumat verəndən sonra dərhal həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Araz Qurbanov və Etibar Həsrətov tutulublar.
Faktla bağlı 30-cu Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.