Bakı. Trend:
İyulun 11-i saat 23 radələrində Tovuz rayon sakini 1988-ci il təvəllüdlü Nizami Vəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Tovuz rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1983-cü il təvəllüdlü Vüsal Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Nizami Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vüsal Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.