Bakı. Trend:
Yaşıl xətt üzrə "Nizami" stansiyasından "28 May" stansiyası istiqamətində hərəkətə başlayan qatarın maşinistinə salonda bir sərnişinin halının pisləşməsi barədə məlumat verilib və qatarın dayandırılması tələb olunub.
Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilir ki, maşinist qatarı təcili əyləcləmə edərək dayandırıb.
"Sərnişinlər vaqonun qapılarının "qəza-açma kranı"ndan istifadə edərək, sərnişini platformaya çıxarıblar. Maşinist məcburi qaydada sonuncu vaqona qədər gedərək, "qəza-açma kranı"nı yerinə qaytarıb və kabinaya dönərək hərəkəti bərpa edib.
Nəticədə, 10 dəqiqə yubanma yaranıb. Hazırda yubanmanın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür", - məlumatda qeyd olunub.
Qeyd edilir ki, halı pisləşən gənc xanıma "Nizami" stansiyasında dərhal ilkin yardım göstərilməklə təcili tibbi yardım xidməti dəvət edilib. Tibbi yardım göstərildikdən sonra xanım sərnişin təşəkkürünü bildirərək, yanında olan ailə üzvü ilə birlikdə yoluna davam edib.